Xəzərdən gələn ümid: Bakı və Abşeron üçün yeni su strategiyası başlayır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunmuş müşavirədə mövcud problemlərə toxunulub, həll yolları müzakirə edilib.

Cənab Prezident çıxışında paytaxt və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması, tullantı və yağış həm düzgün idarə olunması, həm də bu sulardan səmərəli istifadənin vacib olduğunu deyib.  

Ekoloq-hidroloq Rövşən Abbasov “Sherg.az”a açıqlamasında Prezidentin keçirdiyi müşavirənin problemlərin aradan qaldırılmasına xidmət edəcəyini bildirdi: 

- Məlumdur ki, Bakı iqtisadi rayonu, Abşeron yarımadasıyla birlikdə ən sıx məskunlaşma olan ərazidir. Qeyri-rəsmi hesablamalara görə ölkə əhalisinin təxminən 40 faizi bu ərazilərdə yaşayır. Bakı iqtisadi rayonu, Bakı və Sumqayıt şəhərləri də daxil, onlarla qəsəbəni də əhatə edir. Çox təəssüf olsun ki bu rayon su ehtiyatlarının idarə olunması baxımından çox saylı problemlərə malikdir. Rayonun özünün su mənbələri yoxdur. İkinci tərəfdən, bu iqtisadi rayonda 1990-cı illərin əvvəllərindən nizamsız məskunlaşma prosesi gedib. Və bu da həm kanalizasiya, həm də su xətlərinin özbaşına tikintisi və ya tikilməməsi ilə nəticələnib ki belə şərait çoxsaylı su itkilərinə səbəb olub. Bugünki Bakı şəhəri və ətraf qəsəbələrdə mövcud infrastruktur su ehtiyatlarının səmərəli idarə edilməsinə imkan vermir. Bir çox əraziərdə isə su infrastrukturu çox köhnəlib, xüsusən şəhərin mərkəzində. Digər ərazilərdə, məsələn Masazırda özbaşına tikintilər çox aparılıb. Ailələr birləşərək özlərini su xətləri ilə təmin ediblər. Amma kanalizasiya xətlərinin çəkilməsi mümkün olmayıb. Ona görə də çoxsaylı problemlər yığılıb qalıb. Bakı şəhəri üzrə həyata keçirilən Dövlət Proqramınını əsas məqsədi budur ki, Bakı şəhərinin alternativ su mənbələri ilə təminatı yaxşılaşdırılsın, həm də mövcud problemlər aradan qaldırılsın. Burada əsas alternativ su mənbələri Xəzər dənizinin duzsuzlaşdırılmış sularıdır ki bu istiqamətdə irəliyə doğru addımlar atılıb. Yağış sularının idarə olunması isə, bu sulardan parkların, bağların sulanmasına sərf olunmasına və qəfil daşqınların qarşısının alınmasına səbəb ola bilər. Su ehtiyatlarının idarə edilməsi proqramı həm də bu ərazidə göllərlə bağlı, göllər zonasında idarəçiliyin yaxşılaşdırılmasına, rekreasiya infrasturkturunun yaradılmasını nəzərdə tutur. Prezidentin keçirdiyi müşavirə irəliyə doğru addımdır. Dövlət proqramının icrası şəhərin su təchizatının yaxşılaşdırılmasında alternativ su mənbələrindən istifadəsini təmin edəcək, həmçinin sanitariya şəraitinin normallaşmasına kömək edəcək.