Zaur Məmmədov: “Qarabağ Zəfəri Azərbaycanın dövlətçilik strategiyasının təntənəsidir”

8 Noyabr – Zəfər Günü Azərbaycan tarixində yalnız ərazi bütövlüyünün və suverenliyin bərpası deyil, həm də milli birliyin, dövlətçilik iradəsinin və xalqın sarsılmaz ruhunun təntənəsidir. Bu Qələbənin təməlində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası, xalqı vahid amal ətrafında birləşdirən milli-mənəvi dəyərlər, Prezident İlham Əliyevin qətiyyətli və prinsipial siyasəti dayanır. İşğal illərində müxtəlif təzyiqlərə baxmayaraq milli maraqlardan geri çəkilməyən Azərbaycanın siyasi iradəsi, güclü ordusu, müasir hərbi imkanları və xalq-ordu birliyi tarixi Zəfəri şərtləndirən başlıca amillər oldu. Bu gün Azərbaycan həmin Qələbənin yaratdığı reallıqlar əsasında siyasi, iqtisadi və hərbi qüdrətini daha da möhkəmləndirərək müstəqilliyini qorumağı və gələcəkdə heç bir təhdidin ölkənin təhlükəsizliyinə xələl gətirə bilməyəcəyi qədər güclü dövlət olmağı qarşıya məqsəd qoyub.

DİA - nın müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Sherg.az-a bildirib ki, Ulu Öndər Heydər Əliyevin tarixi rolu Azərbaycan dövlətçiliyinin xilasında idi. Onun sözlərinə görə, Heydər Əliyevin daxili siyasətdə qəbul etdiyi mühüm qərarlar, eləcə də regional və beynəlxalq güc mərkəzləri ilə apardığı düşünülmüş siyasət Azərbaycanın gələcək inkişafının əsasını formalaşdırıb:

"Məhz Ulu Öndər müstəqil Azərbaycanın milli ideoloji-fəlsəfi dövlət siyasətinin təməlini qoyaraq xalqı vahid dövlətçilik ideyası ətrafında birləşdirib. Birinci Qarabağ müharibəsinin dayandırılması ilə bağlı imzalanan Bişkek protokolunun da həmin dövrün siyasi-diplomatik reallıqları baxımından xüsusi əhəmiyyət daşıyıb. Bu sənəd hərbi əməliyyatların dayandırılmasına xidmət etsə də, münaqişənin siyasi-hüquqi həllini nəzərdə tutmurdu. Atəşkəs nəticəsində tərəflər arasında hərbi əməliyyatlar dayandırılsa da, Qarabağda hərbi üstünlüyə malik olan tərəfə hər hansı hüquqi və siyasi üstünlük tanınmadı, Azərbaycan da üzərinə münaqişənin həllini məhdudlaşdıran əlavə öhdəlik götürmədi. Beləliklə, münaqişənin hüquqi-siyasi həlli məsələsi açıq saxlanıldı. Bugünkü beynəlxalq proseslər, o cümlədən Rusiya-Ukrayna müharibəsi və İran-ABŞ qarşıdurması fonunda tərəflərin qarşılıqlı öhdəlikləri və mümkün razılaşmalar ətrafında gedən müzakirələr 1994-cü ildə Azərbaycanın atdığı diplomatik addımların əhəmiyyətini daha aydın göstərir. Əsas məqam ondan ibarətdir ki, atəşkəs münaqişənin hüquqi həlli və ya ərazi iddialarının legitimləşdirilməsi demək deyildi”.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın ərazi bütövlüyünün bərpasına yönələn uzunmüddətli dövlət strategiyası ardıcıl şəkildə həyata keçirilib:

“Bu strategiyanın əsas istiqamətlərini iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, maliyyə imkanlarının genişləndirilməsi, milli müdafiə sənayesinin qurulması və ordunun müasir silahlarla təchiz edilməsi təşkil edirdi. Paralel olaraq, beynəlxalq tərəfdaşlıqlar genişləndirildi, Azərbaycanın ərazi bütövlüyü məsələsi diplomatik gündəmdə saxlanıldı, milli birlik və qələbə ruhu gücləndirildi. Nəticədə, hərbi güc, siyasi iradə və diplomatik fəaliyyətin uzlaşdırılması 2020-ci ildə Qarabağın azad olunması, 2023-cü ildə isə Azərbaycanın suverenliyinin bütün ərazilərində bərpası ilə nəticələndi. Bu mərhələ İlham Əliyevin siyasi fəaliyyətində Qarabağ Zəfəri ilə bağlı əsas tarixi səhifələrdən biri kimi xarakterizə olunur”.

Z. Məmmədov qeyd edib ki, Azərbaycanın 2020-ci ildə Qarabağı azad etməsi, 2023-cü ildə isə bütün ərazilərində suverenliyini bərpa etməsi Cənubi Qafqazın geosiyasi mənzərəsində köklü dəyişikliklərə yol açıb:

“1805-ci ildə Kürəkçay müqaviləsi ilə Qarabağ xanlığının Rusiya imperiyasının hakimiyyəti altına keçməsindən başlayan tarixi proseslər, sonrakı dövrlərdə regionda formalaşan siyasi maraqlar və xarici müdaxilələr Azərbaycanın öz əraziləri üzərində suverenliyini tam təmin etməsi ilə yeni mərhələyə qədəm qoydu. Bu Qələbə yalnız Qarabağ və Şərqi Zəngəzur üzərində nəzarətin bərpası ilə məhdudlaşmır. Eyni zamanda, Azərbaycanın tarixi yaddaşında mühüm yer tutan Qərbi Zəngəzur və Göyçə məsələsini, deportasiya olunmuş azərbaycanlıların hüquqlarını, doğma torpaqlara təhlükəsiz və ləyaqətli qayıdış perspektivini də gündəmə gətirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik və ardıcıl siyasət nəticəsində Azərbaycan öz gələcəyini kənar siyasi mərkəzlərin qərarlarından asılı vəziyyətdə saxlamayan, milli maraqlarını müdafiə etmək üçün zəruri siyasi, iqtisadi və hərbi potensiala malik dövlətə çevrilib. Regionda yeni geosiyasi reallıqların formalaşması ilə Azərbaycanın siyasi çəkisi və strateji əhəmiyyəti artıb. Mərkəzi Bakı olan yeni regional konfiqurasiya isə ölkənin suverenliyinə, milli maraqlarına və müstəqil qərarvermə imkanlarına əsaslanır. Tarixdə elə qələbələr var ki, onlar yalnız müharibənin nəticəsini deyil, bütöv bir regionun gələcək siyasi xəritəsini dəyişir. Azərbaycanın Qarabağ Zəfəri də məhz belə tarixi hadisələrdəndir. Bu qələbə bir günün, bir ilin və ya yalnız bir hərbi əməliyyatın nəticəsi deyil. Bu, Ümumilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi ilə əsası qoyulan, cənab prezident İlham Əliyevin rəhbərliyi ilə uzun illər ərzində siyasi, iqtisadi, diplomatik və hərbi müstəvidə həyata keçirilən strategiyanın nəticəsidir. Azərbaycan tarixində yeni mərhələ başlayıb. Artıq ölkəmiz öz təhlükəsizliyini təmin edən, milli maraqlarını müdafiə edən, regional proseslərin istiqamətinə təsir göstərən və müstəqil qərarlar qəbul edən dövlətdir”.