Əgər marşrut “yol” kimi fəaliyyət göstərsə, Ermənistan öz qanunvericiliyi ilə sərbəst şəkildə nəzarət edəcək
"Ermənistan “dəhliz” sözündən qorxur, səbəbi düşündüyünüzdən də təhlükəlidir"
Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib ki, "Ermənistan və Azərbaycan arasında Zəngəzur dəhlizi yox, yol olacaq". Spiker Zəngəzur dəhlizi ilə bağlı suala belə cavab verib: "Zəngəzur dəhlizini unudun, dəhliz yox, yol olacaq. Biz bu barədə danışmışıq, onun hüquqi tənzimləmələri dəfələrlə verilib". Qeyd edək ki, "dəhliz" termini beynəlxalq hüquqda xüsusi statusa malik bir anlayışdır. Bu, bəzən bir ölkənin ərazisindən keçən, lakin həmin ölkənin suverenliyindən kənarda olan nəqliyyat zonası kimi başa düşülür. Simonyanın "dəhliz yox, yol olacaq" deməsi Ermənistanın öz ərazisində Azərbaycanın nəzarətsiz tranzit hüququndan imtina etməsi deməkdir. İrəvan bu nəqliyyat əlaqəsinin açılmasını öz qanunvericiliyi və suverenliyi çərçivəsində baş tutmasını istəyir. 2020-ci il 10 noyabr üçtərəfli bəyanatında konkret "dəhliz" ifadəsi işlədilməsə də, Azərbaycan tərəfi bunu "Zəngəzur dəhlizi" kimi izah edir. Ermənistan isə bu yanaşmaya qarşı çıxır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın Naxçıvanla quru əlaqəsinin bərpası geosiyasi və iqtisadi əhəmiyyət daşıyır və mütləq reallaşmalıdır.
Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu Sherg.az-a açıqlamasında deyib ki, ilk günlərdən Ermənistan Zəngəzur dəhlizi fikrindən boyun qaçırır. Professorun sözlərinə görə, halbuki, 2020-ci il 10 noyabr tarixində imzalanmış birgə bəyanatın 9-cu maddəsində çox aydın şəkildə vurğulanıb ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyatın və yüklərin sərbəst yerdəyişməsi ilə bağlı müddəa öz ifadəsini tapıb:

"Ermənistan özünün nəzarət edə bilməyəcəyi hər hansı kommunikasiya xəttinin olmasını istəmir. Həm baş nazir, həm də digər rəsmilər fərqli layihələrdən danışırlar. Bu onu göstərir ki, İrəvan nəyin bahasına olursa-olsun Zəngəzur dəhlizinin açılmasına imkan vermək istəmirlər. Bunu hər zaman müşahidə etmişik. Ermənistan əvvəlki mövqeyindədir. Biz bu dəhliz ilə Naxçıvanla ölkəmizin əsas hissəsi arasında kommunikasiyanın tam sərbəst olmasını istəyirik. Ermənistanı yaxşı tanıdığımız üçün deyə bilərik ki, İrəvan çox rahatlıqla anlaşmanı poza bilər. Gələcəkdə dəhliz üzərində hansısa təxribatları törədə bilərlər. Məqsəd ondan ibarətdir ki, bu dəhliz vasitəsi ilə Azərbaycanı şantaj etmək imkanlarına malik olsunlar. Ermənistan rəsmilərinin "dəhliz" ifadəsindən çəkinməsinin arxasında Ermənistanın çox məkirli niyyəti dayanır".
E.Mirbəşiroğlu bəyan edib ki, Azərbaycan və Ermənistan arasında sülh mətni razılaşdırılsa da, hələlik sülh yoxdur:
"Azərbaycanın iki vacib şərtini Ermənistan yerinə yetirmir. Başlıca şərt Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının aradan qaldırılmasıdır. Digər şərtimiz isə ATƏT-in Minsk qrupunun ləğvinə dair birgə müraciət məsələsidir. Ermənistanın Azərbaycana ərazi iddialarının qaldığı şəraitdə hansısa kommunikasiyaların reallaşması problemdir. Əgər orada dəhliz olacaqsa və normativ hüquqi aktlar əsasında fəaliyyət göstərəcəksə, daha ciddi, etibarlı nəzarət mexanizmləri tətbiq olunacaq. Yol olduğu halda isə Ermənistan bura öz daxili qanunvericiliyi sayəsində istədiyi formada nəzarəti həyata keçirəcək. Buna heç bir halda güvənmək olmaz. Ən optimal yol məhz Zəngəzur dəhlizidir".