Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Türkiyədə İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak ediblər. Dövlət başçımız Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən yüksək səviyyədə qarşılanıb. İƏT-in qurucu üzvlərindən olan Türkiyənin ev sahibliyi etdiyi XIII Sammit "Ədalət və sülh üçün birlik və həmrəylik” devizi altında keçirilib.
Sammit islam aləmində birlik və həmrəyliyə ehtiyac yarandığı bir dövrdə təşkil olunub. Zirvə toplantısı iki gün davam edəcək. Sammit "Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb. Toplantıya sədrlik edən Misirin xarici işlər naziri Sameh Şukri çıxışında müsəlmanların və islam ölkələrinin maraqlarının qorunması baxımından İƏT-in fəaliyyətini yüksək qiymətləndirib. Hazırda islam dünyasında, ərəb ölkələrində, ümumilikdə Yaxın Şərq regionunda ciddi böhranların yaşandığını vurğulayan sədr deyib ki, bu münaqişələrin, terrorun arxasında xarici qüvvələrlə yanaşı, daxili narazılıqlar da var.
"İşğalçı ordu Qarabağdan çıxmalıdır”
Sameh Şükri təşkilata sədrliyin Türkiyəyə keçdiyini elan edib və Sammitə yüksək səviyyədə ev sahibliyinə, eləcə də dünyada islam ölkələrinin mənafeyini fəal müdafiəetməsinə görə Türkiyəyə minnətdarlığını bildirib. İƏT-in baş katibi təcavüzkar Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi işğalçılıq siyasəti barədə də geniş məlumat verib. Müsəlman ölkələrindəki qarşıdurmaların tezliklə həll olunmasını müasir dünyanın qarşısında duran əsas vəzifə olduğunu deyən Şükri diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: "Problemin həllində Azərbaycana dəstəyimiz davam edəcək. İşğalçı ordu tez bir zamanda zəbt etdiyi torpaqlardan çıxmalıdır. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycanın suverenliyi qəbul edilməlidir”.
"Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı illərdir davam edir”
Baş katib əminliklə vurğulayıb ki, İƏT-in İstanbul Sammiti Dağlıq Qarabağ problemi barədə də ədalətli və qətiyyətli mövqe nümayiş etdirəcək: "Ermənistan BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərarlarına əməl etmir. Bu səbəbdən Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı illərdir davam edir. Azərbaycan dövlətinin beynəlxalq səviyyədə tanınan sərhədlərinin qorunması məsələsini də təqib edəcəyik. Çünki Ermənistan Azərbaycan ərazisi olan Dağlıq Qarabağdan qoşunlarını çəkmir. Biz problemin tezliklə həll olunmasını istəyirik”. Madani deyib ki, İƏT-in təsir gücünün və etibarının artırılması üçün üzv ölkələrin məruz qaldığı haqsızlıqlar aradan qaldırılmalıdır: "Bu çərçivədə Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində İƏT-in Təmas qrupunun yaradılmasını qərarlaşdırmışıq. Təmas qrupunun yaradılmasıyla bağlı maddənin İƏT-nin İstanbul Zirvə toplantısının yekun bəyannaməsinə daxil edilməsi gözlənilir”.
"İşğalçı Ermənistan danışıqlar prosesini pozmaq üçün vaxtaşırı silahlı təxribatlara əl atır”
Azərbaycan Prezidenti İlham Əliyev də Sammitdə çıxış edib. Son illərdə qardaş Türkiyənin beynəlxalq aləmdə artan nüfuzu sayəsində qlobal inkişafa mühüm töhfə verdiyini deyən dövlət başçısı Azərbaycanın islam ölkələri ilə əməkdaşlığı prioritet hesab etdiyini vurğulayıb: "Son illər ərzində Bakıda İƏT-ə üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin 10-a yaxın görüşü olub. Mən İƏT-in qarşılıqlı dəstək və həmrəylik yolunda fəaliyyətini yüksək qiymətləndirirəm. Bu gün dünyada islamafobiya ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qətiyyətlə pisləyirik. Əslində islam sülh, mərhəmət, dözümlülük, ədalət dinidir. İslamı terrorla eyniləşdirmək isə səhv və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən elə müsəlman ölkələridir”.
"Beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır”
Prezident Dağlıq Qarabağ münaqişəsindən də danışıb. Ermənistanın 20 ildən artıqdır Azərbaycana qarşı işğalçılıq siyasəti apardığını deyən dövlət başçısı bəyan edib ki, bu siyasət nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib: "Həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan Xocalı soyqırımını törədib. Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı qəbul edilən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində düşmənin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər. Mən münaqişənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyən ədalətli qətnamələrə görə İƏT-ə səmimi minnətdarlığımı bir daha ifadə edirəm. Lakin işğalçı Ermənistan bu qərarlara məhəl qoymur və danışıqlar prosesini pozmaq üçün vaxtaşırı silahlı təxribatlara əl atır. Onlardan biri də aprelin əvvəllərində törədilib. Silahlı hücum nəticəsində Azərbaycan hərbçiləri və mülki şəxslər həlak olublar. Azərbaycan ordusu Ermənistanın təxribatının qarşısını aldı. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar İƏT qərar qəbul edib ki, xarici işlər nazirləri səviyyəsində kontakt qrupu yaradılsın. Bu qərara görə təşəkkür edirəm”. Dövlət başçısı qeyd edib ki, Azərbaycan mütəmadi olaraq mədəniyyətlər və dinlərarası dialoqa öz töhfəsini verir. "Aprelin sonunda biz BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu keçirəcəyik. Azərbaycan islam ölkələri arasında həmrəyliyə böyük əhəmiyyət verir. 2017-ci ildə IV İslam Həmrəylik Oyunları Bakıda keçiriləcək”.
"Terrordan ən çox zərər çəkən müsəlmanlardır”
İƏT-ə sədrliyi qəbul edən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Sammitdə çıxış edərək bu tədbirin bütün islam dünyası üçün uğurlu olmasını arzulayıb. Ərdoğan dünyada baş verən böhranların, xüsusən də islam aləmində yaşanan gərginliklərin həll edilməsi baxımından
müsəlman həmrəyliyinin əhəmiyyətinə diqqət çəkib. Ərdoğan bu problemlərin əsas səbəbinin dünyada irqçilik, məzhəbçilik, etnik və dini ayrı-seçkiliyin olduğunu deyib: "Dünyada yaşanan problemlərdən, münaqişələrdən, böhranlardan daha çox əziyyət çəkən sadəcə islam dünyası və müsəlman ölkələridir. Bu Sammitin müsəlmanların səylərini birləşdirməsi, əməkdaşlığı inkişaf etdirməsi yolunda dönüş nöqtəsi olacağına əminəm”. Ərdoğan Qərb ölkələri tərəfindən terror hadisələrinə ikili yanaşma sərgiləndiyini söyləyib: "Parisdə, Brüsseldə baş verən terrordan danışdılar. Ancaq Ankara, İstanbul, Lahorda törədilmiş terror aktlarından bəhs etmədilər. Bu ikili yanaşma bizi üzür. Terror təşkilatlarının hamısına qarşı eyni formada mübarizə aparmaq lazımdır. Buradan bir daha dünya ictimaiyyətini terror təşkilatlarına münasibətlərini gözdən keçirməyə çağırıram. Türkiyə bu sahədə işlərin təşkilatlandırılmasının tərəfdarıdır”.
"Dağlıq Qarabağı işğaldan azad etməliyik”
Zirvə toplantısında çıxış edən Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib ki, Azərbaycanın işğal altındakı torpaqları məsələsində müştərək mövqe nümayiş olunmalıdır: "Bu günlərdə yenidən gündəmə gələn Azərbaycanın işğal altındakı torpaqları məsələsində çox ciddi çalışmalıyıq. Mən əsas diqqəti Dağlıq Qarabağ münaqişəsinə yönəltmək istəyirəm. Azərbaycanın işğal altında olan bölgəsinin azad edilməsində vahid mövqedən çıxış etməli, problemin həllində qardaş ölkəyə dəstək verməliyik”. Sammitin sonunda müsəlman ölkələrində baş verən proseslərlə bağlı qısa film nümayiş etdirilib. Sonda ev sahibi Ərdoğan çıxışlara görə dövlət başçılarına minnətdarlığını bildirib.
İsmayıl