Son günlər hərbi xidmətə çağırış yaşı ilə bağlı maraqlı təkliflər səslənməkdədir. Təkliflərdən biri bundan ibarətdir ki, hərbi xidmətə çağırış yaşı artırılsın. Konkret olaraq, hərbi xidmətə çağırış yaşının 18-dən 20-yə qaldırılması təklif olunur. Təklif müəllifləri hesab edirlər ki, bununla həm əsgəri xidmətə gedən gənclərin mənəvi-psixoloji durumu inkişaf etmiş olar, həm də orduda daha yetişkin insanlar xidmət keçmiş olarlar.
Əlbəttə, etiraf etmək lazımdır ki, 18 yaşında orta məktəbi bitirib əsgər getməklə, 20 yaşda əsgər getmək arasında fərq var. Qeyd edək ki, Azərbaycanda həqiqi hərbi xidmətə çağırış yaşının artırılması ilə bağlı təklif gələn ilin əvvəllərində hökumətə təqdim olunacaq.
Hərbi mənbələrdən verilən məlumata görə, bu ilin əvvəlində analoji təklifin hökumətdə ilkin müzakirəsi aparılsa da, bəzi məsələlərin əsaslandırılmasında yaşanmış problemlərlə əlaqədar müzakirələr dayandırılıb. Ziddiyyətli məqamlar artıq aradan qaldırıldığı üçün təklif yenidən hökumətin müzakirəsinə çıxarılır. Hökumətdə razılaşdırma prosesi keçdikdən sonra təkliflər Prezident Administrasiyasına və prosedura uyğun olaraq mövcud qanunvericiliyə dəyişiklik edilməsi üçün parlamentə təqdim olunacaq.
Təkliflərdə Silahlı Qüvvələrdə çağırış yaşının 19-a qaldırılması əksini tapır. Lakin ilkin müzakirələrdə 20 yaşın daha optimal variant olduğu qeyd edilib.
Bəs, qanunverici orqanda təmsil olunan deputatların bu təkliflərə münasibəti necədir? Millət vəkillərinin fikirlərinə keçməzdən əvvəl qeyd edim ki, hərbi xidmət yaşının artırılması ilə bağlı təklif heç də parlamentarilər tərəfindən birmənalı qarşılanmayıb.
İndiki halda Azərbaycanda hərbi xidmətə çağırış yaşının 18-dən 20-yə artırılmasının real olmadığını vurğulayan millət vəkili Fazil Mustafa hesab edir ki, hərbi xidmətə çağırış üçün 18 ən uyğun yaşdır: "Əgər Azərbaycan 12 illik təhsil sisteminə keçsə, onda bu təklifi real hesab etmək olar. Çünki o zaman oğlan uşaqlarının məktəbi bitirmə yaşı əsgərlik yaşı ilə üst-üstə düşdüyü üçün onların ali təhsil alma şansı aşağı düşür. Ancaq indiki şərtlər altında hərbi xidmətə çağırış yaşının 18-dən 19, yaxud da 20 yaşa artırılması inandırıcı görünmür və çox güman ki, elə 18-də qalacaq”.
Əksinə, millət vəkili təklif edir ki, hərbi xidmətə son çağırış yaşını 35-dən 30 yaşa endirmək lazımdır: "Amma hərbi xidmətə çağırış yaşını aşağıdan azaltmaq doğru deyil. Azaldırıqsa, yuxarıdan azaldaq”.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin digər üzvü Zahid Oruc isə təklifin lehinə olduğunu bildirib. O hesab edir ki, həqiqətən də, 18 yaşa qədər olan Azərbaycan vətəndaşının psixoloji, fiziki və mənəvi cəhətdən orduda xidmət üçün tam hazırlıqlı olması o qədər də real səslənmir: "Nəzərə almaq lazımdır ki, orta məktəblərdə xüsusi proqramlar güclü işləmir, daha artıq dərəcədə zəifdir və bir sıra sahələrdə isə bərbaddır. Məsələnin ikinci tərəfi çağırışçının tibbi durumu ilə bağlıdır ki, bunu da peşəkarlar müəyyənləşdirmir. Çağırışçıların tibbi durumuna gözəyarı diaqnoz qoyan bəlli komissiyanın qərarı ilə onlar hərbi xidmətə gedirlər və 2-3 aydan sonra da bütün xəstəliklər inkişaf edir, nəticədə isə çağırışçı ölümcül vəziyyətə düşür. Daha önəmli olan məsələ isə budur ki, orduda, ayrı-ayrı hərbi hissələrdə neqativ hallar baş verdiyi üçün orduda islahatların aparılması günün ən önəmli məsələsi kimi meydana çıxıb. Bu baxımdan, düşünürəm ki, qarşıdakı dönəmdə biz hərbi xidmət yaşının artırılması məsələsinə baxmalıyıq”.
Zahid Orucun fikrincə, hərbi xidmətə çağırış yaşının artırılması ordunun daha da peşəkarlaşmasına gətirib çıxara bilər: "Bundan başqa, fiziki cəhətdən yetkinləşmə məsələsini də unutmaq olmaz. Əgər gələcəkdə peşəkar ordu quruculuğunu genişləndirib onun komponentlərini müəyyən edəcəyiksə, o zaman hərbi xidmətə çağırış yaşının artırılması bizə imkan verəcək ki, daha peşəkar və hazırlıqlı orduya sahib olaq”.