Nazim Məmmədov: “Bəzi qurumlar tarifləri qaldırmaqla gəlir əldə etməyə çalışırlar”
Kommunal xərclərlə bağlı müzakirələr səngimir. Ötən gün Milli Məclisin 6 komitəsinin iştirakı ilə keçən toplantıda bu məsələyə bir daha toxunulub. Toplantıda iştirak edən maliyyə naziri Samir Şərifov kommunal xərclərin artırılması ilə bağlı verdiyi açıqlamaya toxunub. Xatırladaq ki, bir neçə gün öncə maliyyə naziri kommunal xərclərin qiymətlərinin artacağının labüd olduğunu demişdi və "Azəriqaz”, "Azərenerji” və "Azərsu” Səhmdar Cəmiyyətlərinin tarif artımı ilə bağlı müraciətlərini əsas gətirmişdi.
MM-in ötən iclasında isə maliyyə naziri yenə əhali üçün ümidsiz açıqlamalar verib. Nazir sanki əhalini kommunal xidmətlərin qiymətlərinin artırılacağına hazırlayırmış kimi "kommunal xərclərin artırılması fövqəladə hal deyil” ifadəsini işlədib. Sonra isə ötən illər ərzində əmək haqlarının, pensiyaların dəfələrlə artırıldığını misal çəkib. Son sözün isə Tarif Şurasına aid olduğunu deyib:
- Mən kommunal xərclərin artacağını deməmişəm. Sadəcə, bununla bağlı öz təklifimi vermişəm. Bildirmişəm ki, 2007-ci ildəki son artımlardan bu vaxta qədər ölkənin kommunal sahədə artımımın edilməsi labüddür. Bununla bağlı Tarif Şurasından təkliflər olacaqsa, son sözü də elə Tarif Şurası deyəcək.
Toplantıda millət vəkillərindən bir neçəsi qiymət artımına etiraz edib və bunun əhalinin sosial durumuna ciddi zərbə vuracağını bildiriblər. Hətta millət vəkili Fəzail Ağamalı kommunal xidmət haqlarının artırılmasını əhalinin "dizini qırmaq” adlandırıb.
İqtisadçılar da bu fikirdədir ki, ölkə iqtisadiyyatının hazırkı vəziyyətində hər hansı qiymət artımına heç bir əsas yoxdur. Qiymət artımını istəyənlər bunu iqtisadi cəhətdən əsaslandırmalıdır. Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimli "Şərq”ə açıqlamasında qiymət artımına tutarlı səbəb olmadığını dedi:
- Milli Məclisdə büdcə müzakirələri başlayıb. Komitələr birləşib büdcəni müzakirə edirlər. Bizim iqtisadi siyasət komitəsində büdcə müzakirə olunan zaman maliyyə naziri belə fikir söyləməmişdi. Nazir onu dedi ki, qiymət artımı Tarif Şurasının kompetensiyasına aiddir. Bu həqiqətdir ki, tariflər artsa, əhalinin aztəminatlı hissəsinə ciddi ziyan vuracaq. "Azəriqaz”, "Azərenerji”, "Azərsu” tariflərin qaldırılmasını istəyirsə, bunu iqtisadi cəhətdən əsaslandırıb ortaya qoymalıdır ki, niyə? Xərclər rentabelliyi ödəmir, yoxsa xərclər maya dəyərindən artıqdırmı? Nəyə görə? Bunu əsaslandıran yoxdur. Hazırda yanacağın qiyməti maya dəyərindən artıqdı. Eləcə də təbii qazın qiyməti maya dəyərini ödəyir. Həm də nəzərə almalıyıq ki, Azərbaycan neft-qaz ölkəsidir və ixracatçı ölkədir. Azərbaycan enerji istehsalçısıdı. Nə "Azəriqaz”, nə də "Azərenerji” qiymət artımının labüd olmasını əsaslandıra bilməz. Olsa-olsa, bəlkə "Azərsu” əsaslandırar. Çünki onların xərcləri çoxdur. Bilirsiz, əvvəllər Dövlət Plan Komitəsi qiymət artımı olmamış bunun hansı sahəyə necə təsir edəcəyini hesablayırdı. Aztəminatlı ailələrə ziyan dəyməsin deyə hansı kompensasiyalar ödənməlidir və s. Kommunal xidmətlərin qiymətinin artmasını çalışırlar əməkhaqqı və təqaüdlərin artımı ilə bağlasınlar. Amma bu bir reallıqdır ki, Azərbaycanda nə əməkhaqqı, nə də təqaüdlər xərcləri qarşılayacaq səviyyədə deyil. Əmək haqlarının artırılacağı söhbəti ortaya atılan kimi işbazlar tərəfindən səhəri gün bazarda qiymətlər qaldırılır. Dünən vətəndaş əməkhaqqına 20 kiloqram ət ala bilirdisə, indi artıq 18 kiloqram ala bilir. İnflyasiya rəqəmləri kiçik göstərilir, ancaq süni qiymət artımı var. Əhali artırılmış əməkhaqqını əlinə almamış artıq qiymət artımı ilə qarşılaşır. Biz demirik ki, qiymət maya dəyərindən aşağı olsun. Bu, bazar iqtisadiyyatı prinsipinə ziddir. Sovet İttifaqının səhv siyasəti ondan ibarət idi ki, süni ucuzluq yaradırdı. Kolxozçuya ətin kiloqramı 4 manat 80 qəpiyə başa gəlirdi, ancaq mağazada ətin kiloqramı 2 manata satılırdı. Hökumət kolxozçudan istehsal etdiyi məhsulu qəpik-quruşa alırdı. Hökumət hərtərəfli itirirdi. Nəticə də məlumdu. Nəhayətdə dövlət dağıldı. İqtisadiyyatın əsas prinsipi budur ki, qiymətlə maya dəyəri uzlaşmalıdır. Nə maya dəyərindən aşağı olmalıdır, nə də çox yuxarı. Birinci halda dövlətə, ikinci halda vətəndaşa ziyan dəyir. Hazırda Azərbaycanda enerji resurslarının qiyməti maya dəyərindən yüksəkdir. Ona görə də mən qiymət artımını ziyanlı hesab edirəm.
İqtisadçı Nazim Məmmədov da kommunal xidmət haqlarının artırılmasının iqtisadi əsası olmadığını söylədi:
- Hesab edirəm ki, bu tip məsələlərin gündəmə gətirilməsi çox zərərlidir. Azərbaycan zəngin karbohidrogen ehtiyatları olan və ixracatçı ölkədir. Hesabalamalara görə, Azərbaycan insanı aylıq gəlirinin 30 faizini kommunal xərclərə ödəyir. BMT-nin araşdırmalarına görə, Azərbaycan əhalisi gəlirinin böyük hissəsini ərzağa xərcləyir; 60 faiz. 60 ərzağa, 30 kommunal xərclərə. Yerdə nə qalır? Faktiki heç nə. Deməli, əhalinin aylıq gəliri ancaq ərzaq və kommunal xərclərə çatır. Hökumət qiymət islahatı aparmaq istəyirsə, bunu nəzərə almalıdır. Təbii qazın maya dəyəri 15-20 dollardır. Amma əhaliyə 1000 kub.metr 100 manata satılır. Elektrik enerjisinin satış qiyməti 6 qəpikdir. Maya dəyəri isə 3.3 kilovat/saatdır. Hazırkı tariflər, Azərbaycan iqtisadiyyatının hazırkı durumu ilə müqayisədə hətta artıqdır. Və qiymət artımının da heç bir iqtisadi əsası yoxdur. Burada problem nədədir; səhmdar cəmiyyətlər maya dəyərini şişirdirlər. Deyək ki, 3 manata başa gələn istehsalı 6 manat göstərirlər. İnvestisiya layihələrindən mənfəət güdülməsi məsələsi də var. Bəzi qurumlar tarifləri qaldırmaqla gəlir əldə etməyə çalışırlar. Dürüst maliyyə təftişi aparan qurum da yoxdur ki, onların gizli maxinasiyalarını üzə çıxarsın. 2014-cü il üçün gəlir vergisi 882 milyon manat proqnozlaşdırılıb. Bu da o deməkdir ki, ölkədə cəmi işləyənlərin sayı 1,193 min nəfərdir. Bəs 4 milyon nəfərin hardadı? Onların gəlir vergisi hara gedir? Real iqtisadiyyat dövlət büdcəsi hesabına formalaşır. Büdcəyə vergilər ödənmir. Əhaliyə verilən işığın, qazın, suyun pulu əhalidən toplanır. Amma bu pulu verməyən iri müəssisələr, təşkilatlar var. İnanıram ki, cənab Prezident bu məsələyə öz təpkisini göstərəcək. Çünki Prezident dəfələrlə bildirib ki, insanların real gəlirləri inflyasiyaya yem olmamalıdır. Hansısa qurum normal idarəetməni təşkil edə bilmirsə, rentabelliyi təmin edə bilmirsə, deməli, idarəetmədə problem var. Məncə, səhmdar cəmiyyətlərə, dövlət qurumlarına nəzarət güclənməlidir. Bəzi məmurlar şəxsi gəlirləri naminə əhalinin gəlirlərinə göz dikməsinlər.