"O, deputat mandatını təhvil verməlidir"

Jurnalist Eynulla Fətullayevlə deputat Elton Məmmədov davaya çıxdılar


Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlunun Bakının Zığ-Aeroport şossesində sürət yarışına çıxdığını əks etdirən videokadrlar yayılıb. Jurnalist Eynulla Fətullayevə məxsus virtualaz.org saytı həmin videokadrları yayandan az sonra deputat Elton Məmmədov məsələyə münasibət bildirib. O, axar.az-a açıqlamasında bunu yalan olduğunu xuliqanlıq edən 10 LZ 100 nömrəli "Porsche Panamera” maşınının oğlu Aynar Məmmədova məxsus olmadığını vurğulayıb.
Deputatın sözlərinə görə, oğlunun adını hallandıranlar onu gözü götürməyənlərdir:

"Bununla Azərbaycan gəncliyini qıcıqlandırmaq istəyirlər. Sizə tövsiyyə edirəm, belə maşın nömrələri olanda yol polisindən müəyyənləşdirin. Görün, maşın kimə məxsusdur. Ondan sonra bu barədə yazın”.
E.Məmmədov bunu ona və qohumlarına qarşı şantaj olduğunu dedi:

"Tam səmimi sizə bildirirəm ki, oğlumun belə bir maşını yoxdur. Bu oğluma qarşı şantajdır. Bu şayiəni yaymaqla məni və mənim qohumlarımı şantaj etməyə çalışırlar. Yoxdur belə şey. Azərbaycan gənclərinə qara yaxmasınlar. Mətbuat işçisi kimi siz də buna imkan verməyin. Əksinə, bu gənclərin müdafiəsinə qalxın. Suçlu olmayan bir insana bu qədər qara yaxmaq olarmı? Allahdan qorxmurlar bu insanlar?”.
Millət vəkili qeyd etdi ki, oğlu haqqında yayılan bu şayiələrlə bağlı heç bir addım atmaq fikrində deyil.

Qeyd edək ki, virtualaz.org saytı 2012-ci ilin mayında çəkilmiş həmin videokadrları oxuculara təqdim etməzdən əvvəl avtomobillərin kimə məxsus olduğunu DYP-dəki mənbələrdən araşdırdığını və kartoteka məlumatlarına əsasən avtomobilin məhz deputatın övladlarından birinə məxsus olduğunu bildirib.
Deputat Elton Məmmədovun yuxarıdakı açıqlamasından sonra virtualaz.org saytının təsisçisi, jurnalist Eynulla Fətullayev yenidən məsələni araşdırıb. Eynulla Fətullayev bildirib ki, o, öz mənbələri vasitəsilə bir daha DYP-nin kartotekasında Bakı küçələrində sürət yarışına çıxan avtomobilin kimə məxsus olduğunu dəqiqləşdirib.

"DYP-nin kartotekasında yer alan məlumatlarda göstərilib ki, 10 LZ 100 dövlət nömrə nişanlı "Nissan Skyline GT-R35”nin sahibi Məmmədov Aynar Elton oğludur. Üstəlik 10 LR 100 dövlət nömrə nişanlı avtomobillər də Məmmədov Aynar Elton oğlunun adına qeydiyyatdan keçib. Ona görə də mən deputat Elton Məmmədova müraciət edərək deyirəm ki, maşınların oğluna aid olmadığına belə əmindirsə, gəlsin birlikdə DYP-yə gedək və məsələni araşdıraq. Əgər maşınlar doğrudan da onun oğlunun adına deyilsə, o zaman mən jurnalistikadan gedəcəyimi elan edirəm. Əgər maşınların E.Məmmədovun oğlunun adına olduğu təsdiqlənərsə, bu zaman o, deputat mandatını təhvil verməlidir. Çünki millət vəkili xalqa yalan danışmaz”,-deyə E.Fətullayev bildirib.