Azərbaycan Qarabağ problemini “Böyük İyirmilik”in müstəvisinə daşıya bilər

Fərhad Mehdiyev: “Uğurlu iqtisadi əlaqələr üçün dünyada və regionda sabitliyin olması şərtdir”




Türkiyə 2015-ci ildə "Böyük İyirmilik” (G-20) ölkələrinə sədrlik edəcək. Qəbul olunmuş qaydalara görə, "Böyük İyirmilik”ə sədrlik edən ölkə üzv ölkələrdən başqa istədiyi bir ölkəni bu tədbirə qonaq qismində dəvət etmək hüququna malikdir. Türkiyə isə artıq öz seçimini edib. G-20-lərin zirvə toplantısında qardaş ölkənin qonağı Azərbaycan olacaq.

Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi "Böyük İyirmilik”in 2015-ci ilin noyabrında Antalyada keçiriləcək zirvə toplantısına dəvət edib. Bu məsələ Azərbaycan və Türkiyə prezidentlərinin dekabrın 1-də baş tutmuş telefon söhbətində də müzakirə olunub. Azərbaycan dövlətinin başçısı telefon söhbəti zamanı Türkiyənin qarşıdakı ildə G-20-yə sədrliyi münasibətilə Rəcəb Tayyib Ərdoğana təbriklərini çatdırıb, bunu Türkiyənin beynəlxalq aləmdə artan rolunun və nüfuzunun göstəricisi kimi qiymətləndirib. Prezident İlham Əliyev Azərbaycanın qarşıdakı ildə qurumun bütün tədbirlərinə, o cümlədən 2015-ci ilin noyabrında Antalyada keçiriləcək zirvə toplantısına dəvətə görə minnətdarlığını bildirib və bu tədbirin ən yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın bu qurumun toplantılarına və zirvə görüşünə dəvət olunması bir daha iki ölkənin bir-birinə nə qədər yaxın olduğunu nümayiş etdirir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə sürətli iqtisadi inkişafa nail olmuş Azərbaycanın bu qurumun işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Bəs, Azərbaycanın bu qurumda təmsil olunması ölkəmiz üçün nə deməkdir? G-20-nin tədbirlərində iştirak etməklə əlavə hansı dividendləri qazanacağıq?

Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyevin sözlərinə görə, bu, ilk növbədə Azərbaycanın Türkiyə üçün önəmli bir ölkə olmasının, strateji müttəfiq, qardaş dövlət olmasının

göstəricisidir: "Gələn il G-20-yə ev sahibliyini həyata keçirən Türkiyə Azərbaycandan başqa bir neçə Afrika ölkələrini də qonaq qismində dəvət edib. İlk olaraq, onu deyə bilərəm ki, G-20-nin zirvə toplantısında iştirak etmək Azərbaycan üçün çox da böyük, şişirdiləsi hadisə deyil. Amma Azərbaycanı məhz Türkiyənin dəvət etməsi bizim müttəfiqimiz olması səbəbilə təqdirəlayiqdir”. F.Mehdiyevin sözlərinə görə, elə bir böyük əhəmiyyəti olmasa da, bu cür görüşlərdə iştirak etmək Azərbaycana da öz mülahizələrini böyük 20-lik qarşısında ifadə etmək imkanı tanıyacaq: "Elə bir ciddi uğur sayılmasa da, Azərbaycan Respublikasının G-20-nin zirvə toplantısında qlobal iqtisadiyyata təsir göstərə biləcək mülahizələr etməsi, öz gözləntilərini ortaya qoyması müəyyən dərəcədə ölkəmiz üçün üstünlük sayıla bilər. Ən azından il boyu G-20-lər çərçivəsində keçiriləcək tədbirlərdə dünya iqtisadiyyatının böyüməsindən və ticarət imkanlarının genişlənməsindən tutmuş enerji əməkdaşlığına qədər onlarla mövzu müzakirəyə çıxarılacaq və Azərbaycan bütün bu müzakirələrdə iştirak edəcək”.

Politoloqun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ problemini və bunun regional əməkdaşlığa vurduğu ziyanı G-20-lərin zirvə toplantısında da gündəmə gətirmək imkanı əldə etmiş olur. O bildirib ki, G-20-nin zirvə toplantısında dünyada və Avropada enerji təhlükəsizliyi, dünya bazarında enerji daşıyıcılarının qiymətləri əsas müzakirə predmeti olacaq: "Amma Azərbaycan adətən bu cür beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ problemini də gündəmə gətirir. Təbii ki, sırf münaqişənin həlli istiqamətində geniş müzakirələr getmir. Bilirsiniz ki, uğurlu iqtisadi əlaqələr üçün dünyada və regionda sabitliyin olması şərtdir. Regionda sabitliyi və təhlükəsizliyi təhlükə altına qoyan amillər arasında isə Dağlıq Qarabağ münaqişəsi başlıca problemdir. Qafqaz regionunun iqtisadi inkişafı üçün Dağlıq Qarabağ probleminin birdəfəlik həll olunmasına ehtiyac var. Bu mənada, istənilən halda Dağlıq Qarabağ münaqişəsi G-20-lərin zirvə toplantısında gündəmə gətiriləcək”.

Şəymən