“Bütün yönləri ilə yaradıcı”

Akademik İsa Həbibbəylinin Rəşad Məcidin yaradıcılığından bəhs edən kitabı işıq üzü görüb



Bu yaxınlarda akademik İsa Həbibbəylinin "Bütün yönləri ilə yaradıcı” adlı kitabı işıq üzü görüb. "Elm və təhsil” nəşriyyatında çap olunan kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Məmməd Əliyev, redaktoru filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.

"Bütün yönləri ilə yaradıcı”da "525-ci” qəzetin baş redaktoru, ən yeni dövr Azərbaycan ədəbiyyatının və publisistikasının yaradıcılarından biri olan Rəşad Məcidin çoxcəhətli fəaliyyətindən, onun sənətinin fərdi özünəməxsusluqlarından bəhs edən məqalələr toplanıb.

Akademik İsa Həbibbəyli Rəşad Məcidin 50 illik yubileyinə həsr elədiyi "Bütün yönləri ilə yaradıcı Rəşad Məcid” məqaləsində jurnalist Rəşad Məcidin deyil, şair Rəşad Məcidin portretini yaratmağa nail olub, təbliğ və təqdim etdiyi poetik irsin müasir mərhələdə davamını Rəşad Məciddə görüb.

İsa müəllim gənc həmkarının poetik yaradıcılığına müxtəlif baxış bucaqlarından, müxtəlif yönlərdən, özü də xüsusi bir ilhamla, ədəbi pafosla nəzər yetirir, müxtəlif ədəbi problematika istiqamətlərində Rəşad Məcidin şeir yaradıcılığının təbiətinə məxsus keyfiyyətləri üzə çıxarır.

İsa Həbibbəyli "Bir yüngülvari müqəddimə”sində Rəşad Məcidin ədəbi-publisist yaradıcılığının səciyyəvi cəhətlərini ön plana çəkib. "Çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan, şeir də,

hekayə də yazan, publisistik məqalələrini də, ədəbi-tənqidi yazılarını və müsahibələrini də geniş ictimaiyyətə təqdim edən Rəşad Məcidin fəaliyyətində ən uzunömürlü sahə publisistikadır. Özünün də etiraf etdiyi kimi, o, hələ 1988-ci ildən Qarabağa həsr olunmuş məqalələrini çap etdirdikdən bu günə qədər publisistika ilə ardıcıl şəkildə məşğul olmaqda davam etməkdədir”. Rəşad Məcid şeirlərində bütün hallarda, o cümlədən lirik duyğularını ictimailəşdirəndə də obrazlı düşüncənin təbiiliyini, səmimiyyətini və lirizmi qoruyub saxlayır. Yol qırağında əlində çomağı ilə yurda keşik çəkən balaca çoban haqqındakı obrazlı düşüncələrinin ifadəsi və mövzunun ictimai mahiyyətinin orijinal poetik təqdimi ilə yalnız Rəşad Məcidə məxsus olan şeirin təbii doğuluşu baş verib:

...Tərpənən qanımız, qeyrətimizdir,

Balaca boyuyla heyrətimizdir.

Mürgüsü dağılan millətimizdir.

Orda - keşik çəkir yol qırağında,

Yurda keçik çəkir yol qırağında.

İsa Həbibbəyli Rəşad Məcidin bədii yaradıcılığın və publisist fəaliyyətin bütün istiqamətlərində səmərəli xidmət göstərərək orijinallıq nümayiş etdirdiyini, ən əsası isə məşğul olduğu yaradıcılıq sahələrinin hər birində professional olduğunu qeyd edərək yaradıcılığının əsas istiqamətlərini oxucuların diqqətinə çatdırıb.

Kitabın "Lirizm + epik notlar” başlıqlı bölməsində müəllif müstəqillik dövrü Azərbaycan şeirinin tanınmış nümayəndələrindən biri olan Rəşad Məcid poeziyasının bədii-sənətkarlıq xüsusiyyətləri haqqında fikir və düşüncələri ilə oxuculara bələdçilik edib, eyni zamanda şairin şeir yaradıcılığını özündə lirik və ictimai motivləri cəmləşdirən bir poeziya kimi xarakterizə edib.

Kitabda İsa Həbibbəyli XX əsrin əllinci illərindən ədəbiyyat meydanında olan Məmməd Arazla bədii yaradıcılıqda səksəninci illərdə özünü tapmış Rəşad Məcidin arasında "altmışıncılar” gerçəkliyinin də dayandığını diqqətə çatdırıb. Rəşad Məcidin şeirlərinin təpədən dırnağa qədər həyat və insan haqqında lirik düşüncələrdən yoğrulmuş təbii bir daxili poetik monoloq olduğunu söyləyən müəllif onların dünyadan, həyatdan və insandan danışan işıqlı və obrazlı düşüncələrdən yoğrulduğunu qeyd edib. Kitabda yer alan "Roman və poetikası” bölməsində İsa Həbibbəyli Rəşad Məcidin "Roman” adlandırdığı poeziya serialını tədqiq edərək, bu əsəri janr baxımından liro-epik poema adlandırıb. Əsərin lirik şeirlərlə və epik təhkiyə ilə ifadə olunan hadisələrin nəzərəçarpacaq süjet əsasında poetikləşdirilməsi üzərində qurulduğunu nəzərə çatdıran akademik yaradıcılığının birinci dövrünə aid şeirlərində olduğu kimi, 1996-cı ildə tamamlanmış "Roman”da da əslində süjetin qabarıq şəkildə olmadığını qeyd edib, iki gəncin məcərasının ayrı-ayrı məqamlarını, təfərrüatlarını, düşüncələrini və iztirablarını əks etdirən bu əsərdə şeirdən-şeirə keçidin əhvali-ruhiyyənin, ovqatın dəyişməsini, münasibətlərin inkişafını əhatə edən mənəvi proseslərin inkişafını izləməyə imkan yaratdığını nəzərə çatdırıb.

İsa Həbibbəyli xüsusi olaraq vurğulayıb ki, poema janrında yazılmış "Roman” mövzu və mahiyyət etibarilə insanın mənəvi bütövlüyünün və ucalığının romanıdır. "Roman” Rəşad Məcidin ədəbiyyatda, şeirdə bədii möhürüdür və özünütəsdiqidir...

"İdealın bədii təcəssümü” bölümündə İsa Həbibbəyli şairin estetik idealının mahiyyətinin Vətən torpağı ilə dövlət bayrağının vəhdəti olduğunu oxucuya bədii nümunələrlə çatdırıb. Bütövlükdə Rəşad Məcidin şeir yaradıcılığını torpaq qoxulu, Vətən ətirli poeziya adlandıran akademik Rəşad Məcidin estetik idealını mərdanəliyin, bütövlüyün, milli düşüncənin, vətənpərvərliyin və müstəqil dövlətçiliyin daşıyıcısı olan lirik-romantik qəhrəman kimi səciyyələndirib.

Kitabda növbəti bölmə "Nasirlik səlahiyyəti” adlanır. Bu bölmədə İsa Həbibbəyli Rəşad Məcidin nəsr sahəsindəki fəaliyyətindən bəhs edib. Müəllif məqaləsində "10 sentyabr” hekayəsini müstəqillik dövrü Azərbaycan ədəbiyyatında hekayə janrının ən yaxşı nümunələrindən biri kimi dəyərləndirib.

Kitabın son bölməsi "Bütün yönləri ilə yaradıcı” adlanır. Məqalədə Rəşad Məcidin - bir ədəbi şəxsiyyət olaraq bütün yönləri ilə yaradıcı olan, kamil və professional Azərbaycan ziyalısının yaradıcılığı ümumilikdə nəzərdən keçirilir.

Şəymən