1- 2 uşaqlı ailə modeli milləti təhlükəyə aparır - SOSİOLOQ

“3 uşaqlı ailə çoxuşaqlı sayılmalı, ailələrə aylıq 300 manat verilməlidir”

Özbəkistanda çoxuşaqlı ailələrin sayı artır. Ölkənin Milli Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Özbəkistanda 4 və daha çox uşağı olan ev təsərrüfatlarının payı 8,9 faizə çatıb. Bu göstərici son illərin nəticələri ilə müqayisədə əhəmiyyətli dərəcədə artım göstərir. Qeyd olunur ki, 2025-ci ildə çoxuşaqlı ev təsərrüfatlarının payının artması demoqrafik dinamika və ailə strukturundakı dəyişikliklərlə əlaqələndirilə bilər.

Azərbaycanda vəziyyət fərqlidir. Müasir ailələrdə 1, ya 2 uşaq böyüyür. Nəinki 4,5, hətta 3 uşaqlı ailələrə də nadir rast gəlinir artıq. Bunun yaxın gələcəkdə demoqrafik böhran yaradacağı şübhəsizdir. Dünyanın bir çox ölkələri illərdir demoqrafik problemlə üz-üzədir. Ən inkişaf etmiş Yaponiyada əhalinin sürətlə yaşlanması prosesi gedir. Əhalinin böyük faizini məhz yaşlı insanlar təşkil edir. Bunun hansı sosial-iqtisadi və milli-demoqrafik problemlərə səbəb olacağı da bəllidir zatən.  

Sosioloq Elçin Bayramlı “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bütün ölkələrdə doğumun azalması prosesi gedir. Bir neçə ölkə istisna olmaqla. Bu, müxtəlif səbəblərlə bağlıdır. Yeni tendensiyalar, yeni həyat tərzi, sosial iqtisadi məsələlər, o cümlədən mənəvi deqradasiya buna təsir göstərir: 

- Azərbaycanda da çoxuşaqlı ailələrin çəkisi azalır, demək olar ki, çox azdır hazırda. 1-2 uşaqlı ailə modelinə keçilib. Son illərin statistik göstəriciləri də bunu sübut edir ki, doğum faizi aşağı düşür, 1,2 uşaqlı ailələrin çəkisi əhalinin ümumi strukturunda artır. İndiyədək bizdə demoqrafik problem olmayıb. Əhalinin gəncləşməsi baş verib. Lakin doğum faizinin aşağı düşməsi tendensiyası davam edərsə, yaşlı əhalinin sayı artacaq. Bu, o deməkdir ki gənclərin, əmək qabiliyyətli əhalinin sayı azalacaq. Qruplaşdırsaq, burada 2 əsas səbəb var. Biri mənəvi deqradasiyadır. Maddi cəhətdən imkanlı olanlar “öz həyatlarını” istədikləri kimi sərbəst, əyləncəli yaşamaq istəyir, 1 övladla kifayətlənir, bəzən ümumiyyətlə, övlad dünyaya gətirmək belə istəmirlər. Bu, mənəvi deqradasiya göstəricisidir. İnsanın yalnız özünü düşünməsi, milli-ailə dəyərlərinə xor baxmasıdır. Digər qrup isə maddi problemlərlə bağlı 1 və ya 2 uşaqla kifayətlənir, düşünür ki uşaqları normal şəkildə saxlayıb böyüdə bilməyəcək. Beləcə, demoqrafik problem getdikcə dərinləşir.

Sosioloq bildirdi ki, demoqrafik tənəzzülün qarşısını almaq baxımından müxtəlif ölkələrin təcrübəsi var: 

- Bu iş əsasən iki istiqamətdə aparılır: Maarifləndirmə, milli, ailə dəyərlərinin təbliği. İkincisi, sosial dəstək layihələri icra edilməklə. 2-3 uşağı olan ailələrə bir sıra güzəştlər, sosial yardımlar edilir. Bu da əhalinin artım dinamikasının tənzimlənməsinə səbəb olur. Çoxuşaqlı ailələrə yardımların verilməsi bu problemi bir qədər azaldır. Ölkəmizdə demoqrafik problemin dərinləşməsinin qarşısı almaq üçün ailə dəyərləri təbliğ edilməli, milli dəyərlərin anti-təbliğatına son qoyulmalı, sosial dəstək layihələri icra olunmalıdır. 4,5 deyil, 3 uşaqlı ailələr çoxuşaqlı ailə sayılmalıdır. Bu məsələ Milli Məclisdə də deputatlar tərəfindən qaldırılıb. Çünki hazırkı dövrdə 3 uşaqlı ailələr artıq nadir haldır. 4,5 uşaqların sayının artacağına ümid etmək hazırda absurd görünür. Amma lazımi tədbirlər görülərsə, gələcəkdə bu, mümkün ola bilər. Ailələrə aylıq müavinət formasında yardım edilməlidir. Və ya aylıq uşaq pulunun ödənməsi formasında. Heç olmasa 100 manat məbləğində. Ailədə 3 uşaq varsa, bu, ayda 300 manat maddi dəstək deməkdir. Gənc ailələrə torpaq sahələri verilə bilər. Kiçik təsərrüfat, biznes qurmaları üçün yardım edilə bilər. Mənzillə təmin edilə bilərlər. Kirayədə yaşayan ailədən 2-ci və ya 3-cü övladlarını dünyaya gətirmələrini necə gözləmək olar?! Bu formalarda dəstək paketləri olarsa təhlükəli tendensiyanın qarşısı alınar. Ki, əhali sayının azalması və yaşlı əhalinin sayca üstünük təşkil etməsi baş verməsin. Əks halda bu hal bir millətin getdikcə azalıb yox olması ilə nəticələnəcək.