"...Katibə yeri boşdur"

İş elanları qadınların qara röyasına çevrilir

Təəssüflər olsun ki, bu cür əxlaqsızlıq və dələduzluqla məşğul olan şəxslərə qarşı hüquqi  mübarizə mexanizmi yoxdur. Yeganə müdafiə üsulu vətəndaşlarımızın ayıq-sayıq olmasıdır ki, bu şəxslərin "tələ"sinə düşməsinlər


Bu günlərdə iş elanları saytında iş axtaran daha bir  xanım gözlənilməz reaksiya ilə qarşılaşıb. Katibə vakansiyası ilə əlaqədar internetdən götürdüyü əlaqə nömrəsinə vatsap vasitəsilə müraciət edən xanıma işdən kənar suallar verilib və sonda ondan "daimi sərbəst, ehtiraslı" olub- olmadığı soruşulub. Xanımın sərt reaksiyası qarşılığında isə həmin şəxs söyüş söyərək onu təhqir edib.  

Qeyd edək ki, iş elanları saytlarında, ictimai nəqliyyatda, avtobus dayanacaqlarında və insanların sıx hərəkət etdikləri yerlərdə bu cür elanlarla tez-tez qarşılaşırıq. Yüksək əmək haqqı və iş yeri sərbəstliyi ilə təklif olunan bu elanların arxasında olan məqamları aydınlaşdırarkən məlum olur ki, reallıq heç də elanda yazılan kimi deyil. Bu cür iş elanları bəzən  qadın alverinə, fahişəliyə belə səbəb olur. Ekspertlər təklif edir ki, vətəndaşların iş elanlarında olan saxta təkliflərlə aldanılmaması üçün bu yöndə maarifləndirmə işi aparılmalıdır. TV-lərdə xüsusi maarifləndirmə reklamları yerləşdirilməlidir ki, vətəndaşlar bu kimi elanlara aldanmasınlar. Bu işlə məşğul olan insanlar isə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. 

Əmək Hüquqları Liqasının rəhbəri Sahib Məmmədov yüksək əmək haqqı və iş yeri sərbəstliyi ilə firmalar tərəfindən təklif olunan iş elanlarının əməlli-başlı dələduzluqla məşğul olduqlarını deyib:

"Çox təəssüflər olsun ki,  bu  cür əxlaqsızlıq və dələduzluqla məşğul olan şəxslərə qarşı hüquqi  mübarizə mexanizmi yoxdur. Yeganə müdafiə üsulu vətəndaşlarımızın ayıq-sayıq olmasıdır ki,  bu şəxslərin "tələ"sinə düşməsinlər. İnternetdən götürdüyü nömrə vasitəsilə işverən şəxslə ünsiyyət quran xanım ilkin danışıqda onun məqsədindən xəbərdar olursa, əlaqəni kəsməlidir. Burada zorakılıq faktoru olmadığı üçün qarşı tərəflə bağlı iddia qaldırmaq olmur. Amma bəzi hallarda bu cür elanlar vasitəsilə  qadınları kütləvi halda  fahişəliyə cəlb edən  şəbəkələrin fəaliyyəti aşkar olunur. Bununla bağlı isə müvafiq maddə Cinayət Məcəlləsində öz əksini tapır". 

S.Məmmədovun sözlərinə görə, iş elanları ilə bağlı ən böyük narazılıq doğuran hal  dələduzluq faktlarının aşkarlanmasıdır. Elanlar şirnikləndirici xarakter daşıyaraq, vətəndaşların belə iş elanlarına daha tez cəlb olunması məqsədi daşıyır:

“İş üçün gələnlərə yüksək əməkhaqqı vəd edilir, adətən anket doldurtduraraq, onlardan kiçik məbləğ – yəni 10-15 manat tələb olunur. İş üçün gələn vətəndaşı yayındıraraq onunla əlaqə saxlayacaqlarını bildirirlər. Amma əlaqə saxlamırlar. Vətəndaş başa düşür ki, aldadılıb və kiçik məbləğə görə heç bir yerə şikayət etmir. Çünki 15 manata görə şikayət etsə, məhkəmədə dəfələrlə bundan çox xərci çıxacaq. Belə işbazlar, ayda  400-500 nəfəri belə aldatsalar, xeyli pul əldə etmiş olurlar”. 

 Hüquq müdafiəçisi xarici ölkələrdə vəd olunan iş elanlarının daha təhlükəli olduğunu vurğulayıb: “Orada təklif olunan işlərdə vətəndaşlar insan alveri qurbanına çevrilə bilərlər.

Seksual əməyə və zorakı istismar hallarında daha böyük təhlükə var. Hərə bir MMC açır və belə addımlar atır. Bu məsələdə vətəndaş fəallığı əsas tutulmalıdır. Aldadılan insanlar tərəfindən hər dəfə lazımi orqanlara şikayətlər çatdırılsa, onlarla bağlı tədbir görülə bilər. Şikayət yoxdu deyə hüquqi orqanlar tədbir görə bilmir”. 

Azərbaycanda qadınların iş yerlərində cinsi istismara təhrik edilməsi ilə bağlı müəyyən  problemlərin olduğunu vurğulayan Liqa sədri deyib ki, əksəriyyət ictimai qınaqdan çəkindiyi, iş yerini itirməkdən qorxduğu üçün bu cür faktları ictimailəşdirmir:

"Bununla bağlı qanunlarda boşluq yoxdur. Şəxs polisə, prokurorluğa müraciət edir, ekspertiza aparılır, qarşı tərəf də yoxlanır və fakt təsdiqlənirsə, təhrikçi şəxs cinayət məsuliyyətinə cəlb edilir. Sadəcə olaraq, qadınların çoxu abır-həya etdiyindən səs-küy yaratmadan iş yerini tərk  edir. Təbii ki, həmin təkliflə razılaşıb işinə davam edənlər də olur".