Bankların qarşısı koronavirus mənbəyidir

Təcili valyutadəyişmə məntəqələri bərpa olunmalıdır

Onlayn şəkildə həyata keçirilən bu mübadilədən hər kəs xəbərdardır və bu işlə kimlərin məşğul olduğunu da bilirlər


 Bir müddət əvvəl valyutadəyişmə məntəqələrinin yenidən fəaliyyətə başlayacağına dair xəbərlər yayılsa da, gözləntilər özünü doğrultmadı.  Valyuta dəyişmək istəyən onlarla şəxs  bankların qarşısında növbəyə dururlar. Sosial izolyasiya qaydalarının tətbiqi ilə əlaqədar insanların banklara növbəli şəkildə girişinə icazə verildiyi üçün çöldəki növbələrdə iynə atsan yerə düşmür. 

Ekspertlər isə hesab edir ki,  növbədə gözləyənlərin əksəriyyəti banka  dollar alışı ilə bağlı müraciət etdiyi üçün "exchange"ləri açıb, insanların işini yüngülləşdirmək lazımdır. Bu zaman nə  koronavirusun yayılması üçün münbit şərait yaranar, nə də insanlar saatlarla qızmar günəş altında növbə gözləmək məcburiyyətində qalar. 

İqtisadçı-ekspert Fuad İbrahimov da "Şərq"ə açıqlamasında indiki situasiyada valyutadəyişmə məntəqələrinin bərpa edilməsini son dərəcə əhəmiyyətli hesab etdiyini deyib.  Ekspertin sözlərinə görə, 2015-ci ildə milli valyutamızın ardıcıl olaraq iki dəfə devalvasiyaya uğramasından sonra  Mərkəzi Bankın heç bir institutsional dəyərlərə əsaslanmadan  "exchange"ləri bağladı.  Sanki manatın ucuzlaşmasına səbəb bu məntəqələrin fəaliyyəti səbəb  olurmuş:

"Halbuki, valyutadəyişmə məntəqələrinin bağlanması  "qara bazar”ın yaranmasına şərait yaratdı. Hazırda da bu proses davam edir. Onlayn şəkildə həyata keçirilən bu mübadilədən hər kəs xəbərdardır və bu işlə kimlərin məşğul olduğunu da bilirlər. Bu gün bankların  qarşısında valyuta dəyişmək üçün növbə gözləyən insanlar 300-500 dollara görə orda dayanıb. İri məbləğlərin alqı-satqısı isə məhz sosial şəbəkələr vasitəsilə aparılır".