Karantin bitən kimi müəyyən şərtlər daxilində toy şənliklərini keçirmək olar
Evlənmək istəyən gənclər açıq havada 3 saat izdivaclarını rəsmiləşdirə bilərlər
Sərt karantin və məhdudiyyətlərin tətbiqi artıq öz təsirini göstərir. Son günlər koronavirusa yoluxma sayında əldə olunan müsbət dinamika nəticəsində virusa yoluxma hallarının ikiqat artmasının qarşısı alınıb, gündəlik yoluxma sayı sabitləşib.
Xəstəlikdən sağalanların sayı yoluxanların sayını ötüb. Yoluxma sayında müşahidə olunan azalma fonunda artıq növbəti həftədən sərt karantin rejiminin yumşaldılması ilə bağlı müəyyən proqnozlar verilir. Ehtimala görə, avqustun 5-dən etibarən fərdi ticarət obyektləri, kafe və restoranların fəaliyyətinə icazə veriləcək, rayonlara gediş-gəliş bərpa olunacaq.
Operativ Qərargah üzvlərinin açıqlamaları da bu deyilənlərdə həqiqət payı olduğunu göstərir. Amma karantinlə bağlı cəmiyyətin əsas gözləntilərindən biri də toy və yas məclislərinə qoyulan qadağaların aradan qaldırılması ilə bağlıdır. Hansı ki, bu mövzuda aidiyyəti şəxslər hələ ki "işıq yeri" qoymayıblar.
Ötən ildən nişanlı qalan, evlənmək üçün gün sayan gənclər isə
"Hamı könül verib yara qovuşdu,
Bəs bizim toyumuz nə vaxta qaldı?"
deyə-deyə yaxın günlərdə Operativ Qərargahın xoş xəbər verəcəyinə ümid edir.
Qeyd edək ki, artıq qonşu Gürcüstan açıq havada toy, yas, ad günləri və digər bu kimi kütləvi tədbirlərin keçirilməsinə icazə verib. Gürcüstan hökumətinin qərarına əsasən, tədbirlərdə iştirakçıların maksimal sayı 100 nəfərdən çox olmamalıdır.
Maraqlıdır, Azərbaycanda toyların hansısa formada keçirilməsinə şərait yaratmaq olarmı?
"Toylar başqa formatda keçirilə bilər. Hökm deyil ki, insanlar bir yerdə yığılsınlar. Mən hesab edirəm ki, toylar açıq şəkildə, eyni zamanda 6-7 saat deyil, 2 saat olmaqla keçirilə bilər".
Tibb elmləri doktoru Adil Qeybullanın sözlərinə görə, formatını dəyişmək şərti ilə toy şənliklərini qeyd etmək olar. Şərt deyil ki, 400-500 nəfərlik zal dolsun, ağız deyəni qulaq eşitməsin.
Evlənmək istəyən gənclər açıq havada 2-3 saatlıq kiçik məclislər təşkil edib izdivaclarını rəsmiləşdirə bilərlər.
Sosioloq, professor Əhməd Qəşəmoğlu da əvvəlki formatda toy şənliklərinin bərpasının məqsədəuyğun olmadığını deyib. Toy və yas məclislərinə qoyulan qadağa səbəbindən bir çox xidmət sahəsində fəaliyyət göstərən insanların işsiz qalmasına diqqət çəkən professor hesab edir ki, bu hal hər nə qədər xoşagəlməz olsa da, ölkə vətəndaşlarının sağlamlığını təhlükəyə ataraq həmin iş yerlərinin açılmasına şərait yaratmaq doğru deyil:
"Həm də ki indi artıq şərtlər dəyişib. Pandemiya səbəbindən insanların maddi durumu çox aşağıdır. Əksər ailələr çörək pulunu güclə tapır. Toylarda isə israfçılıq baş alıb gedir.
Günü sabah toyların keçirilməsinə dövlət razılıq versə, əvvəlki işbazlar hərəkətə keçəcək. Televiziyada, müğənnilər, musiqiçilər böyük toyları təbliğ edəcək. Restoranlar lazımsız qida menyularını reklam edəcək. İnsan tək toya gedəndə 100 manat salır. Ailə ilə getdinsə, 200 manatdan çox pul yazdırmalısan. İnsanları toya çağıranda ilk pulu düşünür. Karantindən dərhal sonra qadağa götürülsə, hamı toy edəcək, 1 ayda bir evə 7-8 dəvətnamə gələcək. Bu isə artıq ailə büdcəsinin həddindən artıq yüklənməsi deməkdir. Ona görə karantin bitsə də, bir neçə ay toylarla bağlı qadağa qüvvədə qalmalıdır”.
Karantin dövrünə rəğmən tələb olunan qaydalara riayət edərək ailə quran gəncləri nümunə gətirən Ə.Qəşəmoğlu deyib ki, uzun zamandır nişanlı qalan cütlüklər də onlar kimi yaxın çevrələrinin iştirakı ilə kiçik məclis təşkil edib nikah bağlaya bilərlər.
Fikir verirsinizsə, xarici ölkələrdə də toylar daha kiçik formada, ailə içində qeyd edilir. Yəni əgər məqsəd toydan yığılan pulu gənclərin gələcək günlərinə xərcləməkdirsə, bunu dəbdəbəli toylar olmadan da etmək olar”.