"Ölümcül virusla əlaqədar qurban bayramının formatı dəyişdirilsin. Kütləvi surətdə qoyun kəsimi , görüşlər və toplantılar virusun yenidən aktivləşməsinə səbəb ola bilər".
Bu sözləri "Sherg.az"-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. Partiya funksionerinin sözlərinə görə,
qurban tədbirinin ana xətti imkansız və ehtiyacı olan ailələrə ət yardımı etmək olmalıdır:
"Bizdə isə heyvankəsmə mədəniyyəti tam formalaşmadığı üçün hər il bu ayinlər antisanitar vəziyyətdə aparılır. Hər il dövlət qurbanların kəsilməsi üçün müəyyən yerlər ayırsa da, çox az hallarda bu qaydalara əməl edilir. Təklif edirəm ki, bu dəfə qurban kəsmək istəyən şəxslər ehtiyacı olan ailələrə ət yardımı yox, maddi yardım etsin. Daha doğrusu, Qurban bayramı münasibətilə tələbələrin illik təhsil haqqının ödənməsinə yardım məqsədilə Dini İşlər üzrə Dövlət Komitəsi tərəfindən bank hesabı açılsın və qurban kəsmək istəyən imkanlılar bu hesaba pul köçürsünlər. Əminəm ki, bu zaman daha böyük savab qazanmış olacaqlar".