Statistika ürəkaçandır

Sərt karantin rejimi artıq bəhrəsini verdi

Bundan sonrakı mərhələdə də vətəndaşlar qaydalara əməl etməlidirlər. Əks halda vəziyyət yenidən gərginləşə bilər


Ölkədə sərt karantin rejimi tətbiq edildikdən sonra COVID-19 virusuna yoluxanların sayında kəskin azalma müşahidə edilir. Xəstəliyin yayılma arealı daraldıqca, sağalanların sayı yoluxanların sayını kəskin üstələyir.

Göründüyü kimi qaydalara ciddi riayət etmək xəstəliklə mübarizəni asanlaşdırır, ona qarşı görülən tədbirləri effektiv edir. Sadəcə, bir az dözüm və səbir nümayiş etdirərək hamılıqla bu təhlükəni də dəf etməyə çalışmalıyıq.

Karantin müddətində fiziki məsafənin qorunması, həmçinin tibbi maska və spirt tərkibli vasitələrdən istifadə ilə müsbət dinamikaya nail olunub. Mütəxəssislər isə hesab edir ki, bundan sonra da qaydalara riayət edilməlidir ki, tendensiya dəyişməsin.  Əgər vətəndaşlar daha da diqqətli olaraq
Operativ Qərargahın qaydalarına düzgün əməl etsələr, müsbət dinamika davamlı olacaq. Belə ki,  sağalmanın yoluxmanı üstələməsi artıq tendensiyaya dönür. Əsas məsələ aktiv xəstə sayının azalmasıdır. Aktiv xəstə sayı azaldıqda buna artıq sağalma trendi kimi baxmaq olar.

Həkim Vasif  İsmayılın "Şərq"ə verdiyi açıqlamasına görə,  pandemiya ilə mübarizə bu templə davam etməli, karantin rejiminə riayət olunmalıdır:

"Yoluxma tempinin azalması vətəndaşları arxayınlaşdırmamalıdır. Görülən gigiyenik tədbirlər, eləcə də sosial məsafənin qorunması və qoru-yucu maskalardan istifadə vətəndaşlar üçün mütləqdir. Əgər yoluxma sayında müşahidə olunan müsbət dinamika insanlarda arxayınlıq yaratsa və karantin rejimi yumşaldılsa, say yenidən artacaq.

Xatırlayırsınızsa, aprel-may aylarında Azərbaycanda koronavirusa yoluxma ilə bağlı  vəziyyət çox yaxşı idi. Amma  yumşalmadan sonra vəziyyət gərginləşdi. Buna da səbəb odur ki, karantinin yumşalmasından sonra qaydalara əməl edilmədi. İnsanlar tibbi maska taxmadılar, sosial məsafəyə əməl edilmədi. Nəticədə yoluxma sayı 500-i keçdi. İndi sağalanların sayı xəstələnənlərin sayını üstələyir. Bu, sərt karantinin nəticəsi oldu. Ona görə, düşünürəm ki, karantinlə bağlı yumşalmalar olsa,  koronavirusun yoluxma dinamikası yenidən artacaq". 

Son 10 gündə COVİD 19-a yoluxma sayında  xeyli  azalmaların müşahidə olunduğunu vurğulayan həkim-infeksionist Natiq Əliyev də açıqlamasında sərt karantin və məhdudiyyətlərin tətbiqinin artıq öz təsirini göstərdiyini deyib.

Onun sözlərinə görə, əldə olunan müsbət dinamika nəticəsində virusa yoluxma hallarının ikiqat artmasının qarşısı alınıb, gündəlik yoluxma sayı sabitləşib. Bir neçə gündür açıqlanan statistika olduqca  ürəkaçandır: "Düşünürəm ki, azalma sayı bu dinamika ilə davam etsə, sağalanların sayı  daha çox olacaq".

 Müsbət tendensiyanın yaranmasının digər bir  səbəbini əhalinin böyük qisminin qaydalara riayət etməsi ilə əlaqələndirən həkim hesab edir ki, bundan sonrakı mərhələdə də vətəndaşlar qaydalara əməl etməlidirlər.

Əks halda vəziyyət yenidən gərginləşə bilər.  İnfeksionistin sözlərinə görə, pandemiya ilə bağlı müsbət dinamika özünü sadəcə rəqəmlərin azalmasında yox, xəstələrin ağırlıq dərəcəsində də büruzə verir. Öncəki aylarda koronavirusa yoluxan  xəstələrin vəziyyəti  ağır olurdu. Son bir həftədə isə reanimasiyon ehtiyaclar azalıb,  xəstələrin ümumi vəziyyəti orta ağır kimi dəyərləndirilir.