Qurban kəsmək istəyənlər tələbələrin təhsil haqqının ödənilməsinə yardım etsinlər
Müqəddəs Qurban bayramı günlərində insanların öz xeyirxah əməllərini təhlükəsiz və insan sağlamlığına zərər vurmayan şəraitdə yerinə yetirmələri mühüm əhəmiyyət kəsb edir.
COVID-19 pandemiyası ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi və təlimatı əsasında əksər ölkələrdə bir sıra kütləvi tədbirlərin, eləcə də dini ayin və mərasimlərin keçirilməsi təxirə salınmış, yaxud ciddi məhdudiyyətlər tətbiq olunan şəraitdə həyata keçirilməkdədir.
Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə ölkəmizdə qurban bayramının təşkili ilə bağlı xüsusi tədbir planı hazırlandığını deyib. Koronavirus pandemiyasına görə bu il Azərbaycanın məscidlərində Qurban bayramı namazı da qılınmayacaq. Qafqaz Müsəlmanları İdarəsi bayram namazının evdə qılınmasını tövsiyə edib.
Eyni zamanda vətəndaşlara qurbanlıqları onlayn qaydada sifariş etməkləri məsləhət görülür.
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev isə bayramla bağlı daha maraqlı təklif irəli sürüb. Partiya funksionerinin sözlərinə görə, ölümcül virusla əlaqədar Qurban bayramının formatı dəyişdirilməlidir. Kütləvi surətdə qoyun kəsimi, görüşlər və toplantıların virusun yenidən aktivləşməsinə səbəb olma ehtimalından danışan V.Əfəndiyev hesab edir ki, qurban tədbirinin ana xətti imkansız və ehtiyacı olan ailələrə ət yardımı etmək olmalıdır:
"Bizdə isə heyvankəsmə mədəniyyəti tam formalaşmadığı üçün hər il bu ayinlər antisanitar vəziyyətdə aparılır. Hər il dövlət qurbanların kəsilməsi üçün müəyyən yerlər ayırsa da, çox az hallarda bu qaydalara əməl edilir. Təklif edirəm ki, bu dəfə qurban kəsmək istəyən şəxslər ehtiyacı olan ailələrə ət yardımı yox, maddi yardım etsin.
Daha doğrusu, Qurban bayramı münasibətilə tələbələrin illik təhsil haqqının ödənməsinə yardım məqsədilə Dini İşlər üzrə Dövlət Komitəsi tərəfindən bank hesabı açılsın və qurban kəsmək istəyən imkanlılar bu hesaba pul köçürsünlər. Əminəm ki, bu zaman daha böyük savab qazanmış olacaqlar".