Xoş müjdəli savaş...

2020-ci il sentyabrın 27-də, yəni düz bir il əvvəl bütün Azərbaycan eyni mövzunu müzakirə edirdi. Hər kəs Prezident, Ali Baş Komandan İlham Əliyevin verdiyi tapşırığa uyğun olaraq ordumuzun əks-hücum əməliyyatlarına başlamasından danışırdı...
 ...Əslində İkinci Qarabağ müharibəsi yetişmiş proses idi. Hələ iyul ayında düşmənin Tovuz istiqamətindəki təxribatlarından sonra bir çox ekspertlər bunun genişmiqyaslı hərbi əməliyyatlara səbəb ola biləcəyini ehtimal edirdilər. Proqnozlar özünü doğrultdu. Rəsmi İrəvanın KTMT-ni hadisələrə cəlb etməkdən ötrü atdığı təxribatçı addımlar onun “öz başını ağrıtdı”.

İyul ayındakı dörd günlük döyüşlərdən sonra düşmənin provokasiyaları səngimədi, əksinə, davam etdi. Beləliklə, nəhayət, sentyabrın 27-də ermənilərin növbəti təxribatının qarşısını almaq məqsədilə silahlı qüvvələrimiz bütün cəbhəboyu hərəkətə keçdi. Xalq olaraq həm sevindik, həm də həyəcan keçirdik, təlaşlandıq. Əsas informasiya mənbələrindən biri olan internetə çıxışın məhdudlaşdırılması narahatlığımızı bir az da artırdı: bəlkə, nə isə olub, xəbərimiz yoxdur? Gözümüz isə televiziya kanallarında idi. Biz “Xəbərlər” proqramını səbrsizliklə gözlədiyimiz vaxtlarda əsgərlərimiz, zabitlərimiz döyüşür, bir qarış torpaq uğrunda can alıb, can verirdilər.

Həmin günlərdə yüzlərlə gənc könüllü olaraq cəbhəyə yollandı, döyüşlərə qatıldı. İnsanlarımız əsgərlərimizə müxtəlif ərzaq məhsulları, həmçinin yun corablar göndərdilər.

 Döyüşlərin birinci günündən etibarən Prezident şəxsən özü xalqa müraciət etməyə başladı. Cəbhədəki vəziyyət barədə məlumatı, o cümlədən torpaqlarımızın düşməndən təmizlənməsini müzəffər ordunun müzəffər Ali Baş Komandanından eşitdik. Yəqin ki, həmin çıxışlar, dövlət başçısının gümrah nitqi, üzündəki təbəssümü hər kəsin yadındadır. Bu, otuz illik işğala son qoymuş bir siyasətçinin qələbə təzahürü idi.

Cəbhədən gələn ilk müjdəli xəbər özünü çox gözlətmədi. Cəmi bir neçə gün sonra Füzuli və Cəbrayılın bəzi kəndlərinin işğaldan azad edildiyini eşitdik. Bu, millətin əzmlarlığını, zəfər ruhunu bir az artırdı. Yaxşı xatırlayıram, evə yenicə girmişdim ki, televizorun səsini eşitdim. Hövlnak otağa daxil oldum. Aparıcı, sonradan bu çıxışı ilə milyonların sevgisini qazanacaq Jalə Həsənli danışırdı: “...Bəzi torpaqlarımız işğaldan azad olunub...”. Bu xəbərlə, həmkarımızın titrəyən səsi ilə, az qala, ruhum bədənimdən oynamışdı. Təkcə vətəndaş olaraq yox, həm də Qarabağı görməyən qarabağlı kimi sevincimin həddi-hüdudu yox idi.

 Ardınca yeni müjdələr eşitdik. Oktyabrın dördündə Cəbrayıl, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı tamamilə düşməndən azad edildi. Noyabrın səkkizində sonradan mədəniyyət mərkəzi elan edilən Şuşamıza qovuşduq. İki gün sonra isə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında müharibənin rəsmən bitməsinə dair üçtərəfli razılaşma imzalandı.

 İkinci Qarabağ müharibəsi Aəzrbaycan tarixinə qızıl hərflərlə yazıldı. Həm Birinci Qarabağ müharibəsi, həm iuil döyüşləri, həm də sentyabrdakı təxribatların qurbanına çevrilən şəhidlərimizin ruhu şad oldu. Azərbaycan otuz ildir fəaliyyətsizliyi ilə seçilən ATƏT-in Minsk Qrupunun işini gördü, BMT-nin məlum qətnamələrini icra etdi.

İndi- savaşın üstündən bir il keçdiyi vaxtda Qarabağla bağlı əsas məsələ həmin üçtərəfli razılaşmanın bütün şərtlərinin yerinə yetirilməsi, o cümlədən erməni terrorçularının Qarabağdan çıxarılması, kommunikasiyaların açılmasıdır. Əminəm ki, bunlar olacaq. Çünki nəinki düşmən və onun havadarları, bütün dünya Azərbaycan xalqının, diplomatiyasının və ordusunun nəyə qadir olduğunu gördü. Hər kəs başa düşdü: bizim kimsənin torpağında gözümüz yoxdur, lakin bir ovuc torpağımızı da düşmə də qoymaq fikrində deyilik.

...Həmin vaxtlar jurnalistlər ekstremal şəraitdə çalışırdılar. İşə tez gedir, evə gec gəlir, hərbi-siyasi prosesləri anban izləyir, təhlil edir, şəhid xəbərini kədərlənərək verir, qələbəni sevinclə bəyan edirdik. Əminəm ki, İkinci Qarabağ müharibəsi, 44 günlük tarixi günlər jurnalistika fəaliyyətimdə ən yadda qalan dövr oldu. Bu sondurmu, bilmirəm. Bildiyim odur ki, çərxin fələyi artıq dönüb, planetdə və regionda yeni reallıqlar yaranıb. Bundan sonra hər kəs, dünyanın istənilən aqressoru Azərbaycan- Türkiyə tandemi ilə hesablaşmalı, bizə qarşı ərazi iddiaları ilə çıxış etməməlidir. Əks halda ikinci hərbi qənimətlər parkı üçün də yerimiz var.

 Günümüz, qələbəmiz mübarək!

Kənan Novruzov