Çavuşoğlu: “Qarabağın sülh və tərəqqi ilə anılmasını istəyirik”

“Bu gün Qarabağın azadlığına doğru gedən Vətən müharibəsinin başladığı, Can Azərbaycanın şəhidlərinin Anım Günüdür”.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında qeyd edib.

“Toplantının açılışında şəhidlərimizi birlikdə andıq. Əziz şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Qarabağın artıq qeyri-sabitlik və münaqişədən çox, sülh və tərəqqi ilə anılmasını istəyirik. Bölgə artıq normallaşma mərhələsinə daxil olmalıdır. Artıq regional əməkdaşlıq və rifaha yönələn yeni fürsətlər yaranıb. Bu istiqamətdə Can Azərbaycanın da önəmli təklifləri önə sürüldü. Hər kəsin qazanclı çıxacağı bu fürsətlərin bütün ölkələr tərəfindən dəyərləndiriləcəyinə ümid edirik.

Dövlət başçılarımız cənab Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev bölgədə sülh, sabitlik və firavanlıq istəklərini dəfələrlə vurğulayıblar”, - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da toplantıda iştirak edir.