“Anım Günü millətimizin tarixində unudulmaz izlər buraxıb”

27 sentyabr 2020-ci il Azərbaycan tarixinin qürur və qalibiyyətə hesablanmış şərəf simvoludur. Bu tarix sübut etdi ki, heç bir ədalətsizlik əbədiyyən mövcudluğunu qoruyub-saxlaya bilməz və nəticə etibarı ilə haqq ədalətsizlik üzərində qələbə qazanır, xalqın vahidliyi və bölünməzliyi istənilən səddi aşmağa qadirdir.
Ermənistanın həyasızlıqlarına verilən 44 günlük Vətən müharibəsi cavabını incələyir, əslində bu günü illərlə, həsrətlə gözlədiyimizi vurğulaya bilərik. 

Erməni vəhşilikləri və özbaşınalıqları öz zirvəsinə çatması ilə yanaşı, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli imkanları üçün ciddi maneələr yaradırdı. 2020-ci ilin iyulunda Ermənistanın Tovuz rayonuna hücum etməsi mövcud vəziyyətin daha da gərginləşməsi üçün son səbəb oldu. Düşmənin 27 sentyabr 2020-ci il tarixində atəşkəs rejimini kobud şəkildə pozması isə bardağı daşıran son damla idi. Məhz həmin gün saat 10:50-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyev televiziya vasitəsi ilə xalqa müraciət ünvanladı, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsinin başladığını bəyan etdi. Beləliklə, bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri azad etməyə başladı.

Sentyabarın 27-nin xalqımızın və dövlətçiliyimizin tarixində xüsusi əhəmiyyət daşıdığını vurğulayan millət vəkili Elman Məmmədov “Sherg.az”a söyləyib ki, Anım Günü millətimizin tarixində unudulmaz izlər buraxıb:

“Hazırda Xocavənd rayonundayam. Bu gün səhər saat 9-un yarısından Xocavənddə Anım Günü ilə əlaqədar tədbirlər başlandı. Ancaq müəyyən müddət tədbirə ara verdik, çünki hərbçilərimizlə birlikdə cənab Prezidentin xalqa müraciətini dinlədik, bundan sonra tədbirimiz davam etdi. 

Bu gün bizim qürur günümüz, qələbəmizə olan yürüyüşümüzün başlandığı gündür. 27 sentyabr hər birimiz üçün əzizdir. Çünki bu tarix azadlıq və qələbə tariximizin başlandığı ilk gündür. Qalib dövlətin və xalqın övladı kimi hər birimiz fəxarət hissi keçirir, qürurlanır, eyni zamanda sevinirik. Torpaqlarımız hər zaman düşməndən azad olsun, daim Prezidentimiz və Müzəffər Ordumuzla fəxr edək! Torpaqlarımız uğrunda qan tökən, həlak olan oğullarımıza isə Allahdan rəhmət diləyirik!. Çünki şəhidlərimizin qanı hesabına bu cür zəfər qazandıq, onların şücaəti ilə tariximizi yenilədik. Canında keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!”.

Yeganə Bayramova