“Yadedirik.az”da şəhidlərimiz yad ediləcək – Vətənpərvər ruh aşılanır! 

Ötən ilin 27 sentyabrdan başlayan 44 günlük İkinci Qarabağ müharibəsi şanlı ordumuzun qələbəsi ilə başa çatdı. 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azadlığı uğrunda canını düşmən gülləsinə sipər edən qəhrəman vətən oğulları bu gün hörmət və ehtiramla yad olunur. Azərbaycan Beynəlxalq Bankı (ABB) Anım Gününə həsr olunmuş https://yadedirik.az sosial məsuliyyət layihəsini təqdim edib. 

Layihənin məqsədi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda  canlarından keçmiş qəhrəmanlarımızın xatirəsinə ehtiram, onların mənəvi irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi, cəmiyyətimizdə vətənpərvərlik tərbiyəsi işinə töhfədir. https://yadedirik.az portalında Vətən müharibəsi şəhidlərinin şəkilləri və onlar haqqında qısa məlumatlar toplanıb. Bu təşəbbüs ölkənin inkişafı, insanlara vətənpərvər ruhun aşılanması, eyni zamanda şəhidlərimizin hər zaman yad edilməsi yolunda mütərəqqi addımdır. 

Bu barədə “Sherg.az”a danışan İT üzrə mütəxəssis Fərid Kazımov bildirib ki, yadedirik.az saytı yetişən nəslin vətənpərvər ruhda tərbiyə alması üçün çox vacib elementlərdən biridir:

“Bundan əlavə tariximizi yadda saxlamağa imkan verir”.

Həmçinin mütəxəssis qeyd edib ki, zamanın tələbinə uyğun olaraq texnologiyanın tətbiqi məsələsinə də diqqət yetirilir:

“Yəni əvvəl belə təşəbbüslər yalnız mətn formasında olurdusa, indi yəqin ki, bu veb-video forması müəyyən mənada belə çıxışları məqbul saya bilər”.  

Sücayət Mehti