Britaniyada işçi çatışmazlığı yaşanır

Azərbaycanın isə iki sahədən başqa əcnəbi işçi qüvvəsinə ehtiyacı yoxdur

Britaniya hökuməti mağazalarında malların və yanacaqdoldurma məntəqələrində yanacaq çatışmazlığının qarşısını almaq üçün 10 mindən çox xarici işçiyə müvəqqəti viza verəcək. Bunu Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şepps deyib. Bildirilir ki, 5 min viza ağır yük tutumlu nəqliyyat vasitələrinin sürücülərinə, digər 5,5 mininə isə quşçuluq təsərrüfatlarında işləyənlərə veriləcək. Təşviq kimi dəvət edilənlərə daha yüksək əmək haqqı və işləyəcəkləri iş saatı əvvəlcədən təyin ediləcək. 

Paralel olaraq 3 milyondan çox insanın ağır yük tutumlu nəqliyyat vasitələrini idarə etməsinə icazə verən "C" kateqoriyalı lisenziyaların alınması üzrə təlimlərdən keçmələri üçün Təhsil Nazirliyinə 10 milyon funt (14 milyon dollar) köçürüləcək. Krallıqda yük maşını sürücüləri işi üzrə 100 mindən çox vakant yer olduğu təxmin edilir. Son iki ildə Aİ ölkələrindən minlərlə peşəkar sürücü İngiltərəni tərk edib və pandemiya səbəbindən bir çox ölkədə uzun müddətdir sürücülük vəsiqəsinin alınması üçün təlimlərin keçirilməməsi yeniləri ilə əvəz edilmələrini çətinləşdirib. Artıq bir neçə aydır pərakəndə satış şəbəkələrinin nümayəndələri təcili tədbirlər görülməzsə Milad bayramına qədər mağazaların rəflərinin yarısının boş qalacağını xəbərdar edərək, yük maşını sürücülərinin çatışmazlığı problemindən şikayətçidirlər. Xatırladaq ki, Britaniyanın BP neft şirkəti benzin tədarükündə yaranan problemlərə görə ölkədə avtomobil sahibləri arasında tələbat artmasına səbəb olan bir çox yanacaqdoldurma məntəqələrini bağlayıb. Həftə sonu YDM-lərdə uzun növbələr yaranıb.

İqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, İngiltərədə sürücü çatışmazlığının əsas səbəbi breksitlə bağlıdır. Ekspert qeyd edib ki, breksitə qədər Britaniyada əsasən Şərqi Avropa ölkələrindən, Polşadan, Macarıstandan, Bolqarıstandan kifayət qədər çoxlu sayda sürücü logistika sahəsində çalışırdı:

 "Britaniyada başqa sahələrə nisbətən maaşlar bu sahədə daha aşağıdır, amma Şərqi Avropa ölkələrindən gələn vətəndaşları bu maaş qane edirdi. Breksitdən sonra Avropa Birliyi ölkələrinin vətəndaşlarının Britaniyada işləmək hüququ başqa qanunlarla tənzimlənməyə başladı. İndi onların iş vizası və digər prosedurlardan keçməsi tələb olunur. Çünki Avropa Birliyində olarkən Britaniya sərhədləri tam açıq idi və heç bir iş vizasına ehtiyac yox idi.  İndi yeni prosedur qaydalarına görə, Britaniyada işçi çatışmazlığı yaşanır.  Britaniya hökumətinin də bu addımı məhz bununla bağlıdır. Artıq Avropa Birliyi ölkələrindən bu sahədə çalışmaq istəyən və ingilis dilini bilən insanlar dəvət olunur. Bununla bağlı yeni qərar çıxdı ki, hətta həmin şəxslərin sənədləmə işləri də yüngülləşdiriləcək. Tezliklə bu qərarların sürətlənməsi onların fəaliyyət göstərməsi üçün şəraitin yaxşılaşmasına səbəb olacaq". 

Ekspert qeyd edib ki, Azərbaycanda iki sahədən başqa digər sahələrdə xarici işçiyə ciddi ehtiyac yoxdur:

 "Azərbaycanda ənənəvi olaraq neft, qaz, mədən sənayesində xarici işçilər çalışır. Ona görə də bu günə qədər daha çox o sahədə mütəxəssislərə ehtiyac yaranıb. Son illər bu sahələrdə də Azərbaycan mütəxəssisləri kifayət qədər çoxlu sayda püxtələşib. Bir də qəliz konstruksiyalı tikintilərdə xarici mütəxəssislərə daha çox ehtiyac yaranıb. Bu iki sahədən başqa digər sahələrdə xarici işçiyə ciddi ehtiyac olduğunu düşünmürəm".

Aynurə Pənahqızı