İrəvandan əməkdaşlıq səsləri ucalır

Paşinyan quru pozitiv açıqlamalardan əmələ keçməlidir

Bununla baş nazir həm də müharibədən bezmiş erməni xalqının sosial rifahını və təhlükəsizliyini təmin etmək şansı qazanar

Ermənistan regionda dayanaqlı və uzunmüddətli sülhün bərqərar olmasına gətirib çıxaracaq konstruktiv dialoqa hazırdır. Bu barədə BMT-nin Baş Assambleyasının 76-cı sessiyasında çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Baş nazir bildirib ki, kommunikasiyaların açılması sülh şəraitində inkişafın vacib şərtlərindən biri olan iqtisadi əlaqələrin qurulması üçün fürsət yaradacaq: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm. Nəticədə bölgə ölkələri nəqliyyat arteriyaları ilə bir-birinə bağlanacaq. Sülh şəraitində inkişafın vacib şərtlərindən biri olan iqtisadi əlaqələrin qurulması üçün fürsət yaradılacaq”. 

Qeyd edək ki, Prezident İlham Əliyev də BMT-nin Baş Assambleyasının 76-cı sessiyasında regional kommunikasiyaların açılması mövzusuna toxunmuşdu. Dövlət başçısı bildirmişdi ki, sülh sazişi regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilər. Lakin biz hələ də təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik. Ölkə rəhbəri vurğulamışdı ki, sülh və əməkdaşlığa xidmət edən sahələrdən biri nəqliyyat layihələri ola bilər: “Bu kontekstdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaq.

 Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir”. Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Qafqazda sülh və əməkdaşlıq tərəfdarını olduğunu vurğulmaşdı. Ərdoğan qeyd etmişdi ki, Qafqazda davamlı sülh naminə yeni fürsətlər üçün pəncərələr açılıb: “Ankara tərəflərin atacağı bütün müsbət addımları dəstəkləməkdə qərarlıdır”. Türkiyə lideri Zəngəzur koridorunun açılması ilə Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyin aradan qalxacağına da ümidvar olduğunu bildirib. Bir müddət əvvəl Ermənistan paytaxtı İrəvanda səfərdə olan Rusiyanın Xarici işlər naziri Sergey Lavrov da Zəngəzur dəhlizi barədə danışarkən üçtərəfli razılaşmanın alternativinin olmadığını demişdi. Lavrov kommunikasiyaların bərpasının hər üç ölkənin maraqlarına xidmət etdiyini bildirmişdi. 

Nikol Paşinyanın müsbət yöndə bəyanatlarını “Şərq”ə dəyərləndirən millət vəkili Ceyhun Məmmədov bildirib ki, son aylarda Azərbaycanın apardığı qətiyyətli və prinsipial siyasət nəticəsində Ermənistan baş naziri revanşist bəyanatlar verməkdən vaz keçib. Deputatın sözlərinə görə, baş nazirin regional əməkdaşlıqla bağlı pozitiv açıqlamaları İrəvan hökumətinin mövcud reallıqla barışması anlamına gəlir:

 “Əvvəlki dönəmdə Ermənistan rəhbərliyinin siyasəti tamam fərqliydi. İrəvan hökumətinin əksər açıqlamaları müharibə ritorikasında, revanşist ruhda idi. Daha çox təxribata meyilli idilər. Lakin dövlət başçısı İlham Əliyevin xəbərdarlıqları nəticəsində Paşinyan müharibədən yox, əməkdaşlıqdan danışmağa başlayıb. Baş nazir sözlərini əmələ töksə, qətiyyətli mövqe nümayiş etdirsə, əməkdaşlıq istiqamətində bir sıra mühüm addımlar atıla bilər. Bununla baş nazir həm də müharibədən bezmiş erməni xalqının sosial rifahını və təhlükəsizliyini təmin etmək şansı qazanar. Təbii, istisna olunmur ki, Ermənistanın hazırkı müxalifəti, vaxtı ilə torpaqlarımızın işğalında mühüm rol oyanmış, Azərbaycan xalqına qarşı cinayətlər törətmiş Koçaryan-Sarkisyan cütlüyü Paşinyana mane olmağa çalışacaqlar. Onların niyyəti və məqsədi İrəvan hökumətinin normal müzakirələrdə iştirakına əngəl olmaqdır. Paşinyan çox ağrılı bir mərhələdən keçməlidir. Əgər özündə cəsarət taparaq proseslərə başlayarsa, nəticələr müsbət olar. Ən əsası isə əməkdaşlıqla bağlı müəyyən məsafə qət edilər. Əks halda, sadəcə, quru bəyanatlarla nəyəsə nail olmaq mümkünsüzdür”. 

İsmayıl Qocayev