Havaların tez-tez dəyişməsi xəstəlikləri oyadır

Payız fəslində peyvənd edilən bəzi insanlarda allergik reaksiyalar müşahidə olunur

Sentyabrda havanın temperaturu 17 gün normadan yüksək, 4 gün isə normadan aşağı olub. Hava dəyişkənliyi insan orqanizminə təsirsiz ötüşmür. İqlim şəraitinin yay fəslindən payız fəslinə keçid etməsi immuniteti zəiflədir və bu, insanların daha tez xəstəliklərə yoluxmasına səbəb olur. Anomal hava xüsusən də pandemiya dövründə daha təhlükəlidir.

Mövzu ilə bağlı “Şərq”ə danışan həkim Şəmsiyyə Namazlı bildirib ki, payız fəslinin daxil olması ilə hava temperaturunun aşağı düşməsi, nəmişliyin azalması, atmosfer təzyiqindəki müəyyən dəyişikliklər, günəş şüalarının yerini dəyişməsi kimi hallar insan orqanizminə müsbət, yaxud da mənfi təsir göstərir:

“Normal halda məsələn, biz qış fəslinə daxil oluruqsa, temperaturun qeyd etdiyim göstəricilər üzrə dəyişməsi müəyyən çərçivə daxilində olur”.
Həkim əlavə edib ki, temperaturun kəskin sürətdə qalxması və ya enməsi insan orqanizminə, xüsusilə də meteohəssas insanlara mənfi təsir göstərir:
“Bundan başqa qan təzyiqi, ürək-damar, oynaq xəstəlikləri olan və pandemiya dövrü olduğu üçün peyvənd edilən bəzi insanlarda allergik reaksiyalar müşahidə olunur. Belə havalar insanların hətta nervoloji, psixoloji xüsusiyyətlərinə də təsir edir”.

Ş.Namazlı diqqətə çatdırıb ki, meteohəssas insanlar qış fəslinin gəlməsilə əlaqədar depressiyaya düşür, günəş çıxdığı zaman əhval-ruhiyyələri yaxşılaşır:

“Bu artıq başqa bir mövzudur. Xüsusi qrup insanlar var ki, havanı öncədən hiss edirlər. Biz onları təbiətin monumenti adlandırırıq”.

Həkim vurğulayıb ki, xroniki, ürək-damar, miqren, revmatizmanı da oynaq-dayaq hərəkətləri aparatı sisteminə daxil etsək, əlbəttə ki, o insanlarda daha çox oynaq, bel ağrıları, hər 10 nəfərdən 6 nəfərdə sinirlərdə ağrı, göynəmə, narahatlıqlar olacaq:

“Nəticədə bunlar hamısı xəstəliklərin kəskinləşməsinə səbəb olur”.

Sücayət Mehti