İran iş başındadır, tabeçiliyi təbliğ edənlər başa keçirilir


Şəhidin məzarı başında İsrailə böhtan atan qadın Hacı Şahin Həsənlinin moizələrindən dərs alanlardandır

Füzuli uğrunda gedən döyüşlərdə canından keçmiş 18 yaşlı şəhidimiz, fəxr və qürur yerimiz Dəmirov Ədalət Nüsrət oğlunun məzarı başında hicablı qadınların çıxışı ictimaiyyətdə narazılıqla qarşılanıb. Buna səbəb isə xanımların İranın siyasi mövqeyindən İsrailə qarşı çıxış etmələri olub: "Hər birimizin susmağı bizim Azərbaycanın başına bir bəladır. Hər birimiz haqqı bilək danışmayaq, hamımızın başına bəla gələcək. İsraili bütün yerlərdən qovlayıb çıxardıblar, indi Bakıda məskən salıb. Biz  bu günləri qorxudan səsimizi çıxartmayaq. Mən də dinmirəm. Amma buna yüz faiz əmin olun ki, uzağı 5 ilə İsrail bizi Fələstinin gününə salacaq. Yəni şiələr bizim üstümüzə qalxacaq, evimizdə uşaqlarımızı öldürəcək və ondan sonra da bu torpaqları ələ keçirəcək. İsrail heç bir müsəlman ölkəsi ilə dost deyil, xanımlar. Bunu yadınızdan çıxardın. Bilin ki, İsrail bizə elə-belə silah verməyib".

 Sual olunur, bu xanımlar dua oxumağa gəlib, ya şəhiddən, şəhidin ailəsindən təbliğat məqsədilə istifadə etmək üçün?  Bu cür halların qarşısının alınması üçün hansı addımlar atılmalıdır?
 
Mövzuya münasibət bildirən ilahiyyatçı-ekspert Tural İrfan "Şərq"ə açıqlamasında qeyd edib ki, din siyasətdən ayrıdır. O vurğulayıb ki, ölkədə din adamlarının, ruhanilərin siyasətə qarışması doğru deyil: 

"Şəhidin məzarı başında hicablı qadınların İranın siyasi mövqeyindən İsrailə qarşı çıxış etməsi məhz şeyxlik məqamına hazırlaşdırılan Şahin Həsənli kimi şəxslərin uzun illik təbliğatının nəticəsidir. Çünki İranın Azərbaycandakı nümayəndəsi qeyri-rəsmi tələbələr yetişdirir, bunlardan biri də Hacı Şahindir. Onun bütün moizələri, söhbətləri, təşkil etdiyi ayin və tədbirlər sırf İran təmayüllüdür və İranın siyasi xəttinə xidmət edir. Bu təbliğatın nəticəsində də belə adamlar yetişir. İranda dinlə siyasət eynidir. Ona görə onların ruhanilərinin hər bir fətvası, göstərişi sırf öz ölkələrinin maraqlarına xidmət edir. Ancaq bizim ruhanilər də onları kor-koranə təqlid etməklə bir növü məcburi şəkildə İranın siyasi maraqlarına alətə çevrilirlər. Ölkədə dini maarifçilik düzgün aparılmır. Dünən görürəm ki, bütün milli düşüncəli, savadlı, elmi dərəcəsi olan ilahiyyatçı və ruhanilərdən vaz keçilərək, heç bir ilahiyyat təhsili almamış, ixtisasca texnoloq olan Şahin Həsənlini Şəhidlərin anım günündə başa keçirib nazirlə yanaşı təqdim edirlər. Bu da haqlı olaraq ziyalı dini təbəqədə etiraz yaradır. Əksər ziyalılar, hətta partiya sədrləri belə buna etiraz edir bu gün. Çünki hamı görür kim kimdir. Müctəhidə təqlid sistemini ölkədə formalaşdırıblar. Və deyirlər ki, müctəhid də yalnız İranda ola bilər. Odur ki, namaz qıldınsa gərək hökmən müctəhidə təqlid edəsən, yəni tabe olasan. Bunu təbliğ edənlərdən biri də məhz Şahin Həsənlidir. Mən əminliklə deyirəm ki, o qadın Şahin Həsənlinin moizələrindən dərs alanlardandır. Yəni kimlərsə dindarları İrana alət edir. Əksər məscidlərdə Kəbədən sonra İrana, Xorasana ikinci qiblə kimi ibadət edilir. İran mollasına xüms, zəkat adı ilə ianələr göndərilir". 

T.İrfan əlavə edib ki, ən əsası isə onlara tabeçilik təbliğ olunur və bunu edənlər başa keçirilir: 

"Milli ruhda təhsil alan, Türkiyə meyilli, savadlı, ziyalı ilahiyyatçıları isə uzaqlaşdırıblar. İsrail Qarabağ savaşında Azərbaycana kömək edib. İsrail İranın düşməni ola bilər. Ancaq bunun bizə dəxli yoxdur. Bizim öz düşmənimiz var. Qarabağda məscidlərə donuz salan erməniyə bir söz deməyən o xanım, Azərbaycan əsgərinin qalib gəlməsi üçün ən modern silahlarını bizə təqdim edən bir ölkəyə dil uzadır, təxribat yaradır. Mən hesab edirəm ki, o və onun kimi adamları məhz o cür düşünməyə vadar edən qüvvələr zərərsizləşdirilməlidir. Son günlər İranla yaranan bəzi narahatlıqlardan dərhal sonra bu kimi çıxışlar meydana gəldi. Demək bu, idarə olunur. Qafqaz Müsəlmanları İdarəsi ölkəmizdə İran səfirliyindən daha böyük işlər görüb İran üçün. Onun bir xırda nümunəsi həmin molla xanımın çıxışıdır. Ona görə də ölkədə müstəqil, milli islam modeli formalaşmalıdır. Yerli, savadlı, elmi dərəcəli, ziyalı ilahiyyatçılara imkan yaradılmalıdır ki, onlar qabağa düşüb inanclı insanları xarici təbliğatdan qorusunlar. Nəinki bayaq adını çəkdiyim kimi adamları, əqidəsini gizlədib üzdə bir cür, arxada başqa cür fəaliyyət göstərən şəxsləri önə çıxarsın".

Aynurə Pənahqızı