İran açıq şəkildə düşmənə dəstək verir



Tehranın addımları dövlətimizə və təhlükəsizliyimizə təhdiddir

"Yaxın perspektivdə Azərbaycana düşmənçilik edən dövlətə etirazların olacağı istisna edilmir"

İrana məxsus yük avtomobillərinin Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazisinə qanunsuz səfərlərinə dəfələrlə şahidlik etmişik. Hətta ötən ayın 11-də Azərbaycanın Xarici İşlər Nazirliyi bununla bağlı İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəviyə rəsmi etiraz notası da vermişdi. Daha sonra Prezident İlham Əliyev “CNN Türk” kanalına müsahibəsində Azərbaycan ərazisinə avtomobillərin qanunsuz keçidinə toxunaraq, Bakının məsələdən narahat olduğunu göstərmişdi. Əfsuslar olsun ki, İran bu eyhamdan nəticə çıxarmadı və qanunsuz əməllərini davam etdirdi. Nəticədə ölkə rəhbəri “Anadolu” agentliyinə müsahibəsində İranın adını çəkərək yük maşınlarının Qarabağa qanunsuz girişi ilə bağlı Tehrana dəfələrlə rəsmi xəbərdarlıq edildiyini bildirdi. Dövlət başçısı Azərbaycanın narazılığının müxtəlif kanallarla İrana çatdırıldığını vurğuladı. İran TIR-larının Qarabağa qanunsuz yük daşımasını Azərbaycana qarşı hörmətsizlik kimi dəyərləndirən dövlət başçısı buna son qoyulmasının vacibliyini bəyan etdi.
 
Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı “Şərq”ə açıqlamasında deyib ki, İran TIR-larının Xankəndi və digər yerlərə qanunsuz giriş-çıxışı, sərhədlərimizə yaxın ərazilərdə hərbi təlim keçirməsi Tehranın Azərbaycana qarşı apardığı qərəzli siyasətin davamıdır. Professorun sözlərinə görə, İranın addımları dövlətimizə və təhlükəsizliyimizə təhdiddir:

 “İran dövlətinin Qarabağ məsələsində tutduğu mövqe bəllidir. Bir çox məsələlərdə Ermənistanla mövqeyinin üst-üstə düşdüyünün şahidiyik. Müsəlman İran dövləti Azərbaycana düşmən olan xristian Ermənistana hər zaman qol-qanad olub. Ermənistanın təcavüzkarlıq siyasəti ayrı-ayrı zamanlarda İran tərəfindən dəstəklənib. İrəvanın İranı özlərinə ən yaxın dost ölkə görməsinin səbəbi budur. İran şimalda güclü Azərbaycan istəmir. Ona görə də İkinci Qarabağ müharibəsindən sonra İranın siyasətində dəyişiklik olacağını gözləməməliyik. Tehran rejimi Azərbaycanın qələbəsini həzm edə bilmir və ölkəmizin daha da güclənməsinin qarşısını almaq üçün nə lazımdırsa onu edir. Zəngəzur dəhlizinin açılmasının real olduğunu bilə-bilə alternativ kimi Ermənistandan keçəcək Çin-Avropa marşrut layihəsini ortaya atır. Açıq şəkildə Türkiyə və Azərbaycanın Zəngəzur dəhlizinin açılması siyasətinə mane olmağa çalışır”. 
Q.Çaxmaqlıya görə, Azərbaycan və Türkiyəyə qarşı Ermənistan-İran birləşməsi prosesi gedir: “Erməni mətbuatında gedən analitik yazılar və ayrı-ayrı siyasi şəxslərin açıqlamaları bunu deməyə əsas verir. Belə durumda İranda hansısa dini şəxsin Azərbaycana dil uzatması, müxtəlif səviyyələrdə hədələrin olması təbiidir. Ən faciəlisi odur ki, Azərbaycanı hədələyənlər türk əsilli adamlardır. Təbii ki, Cənubi Azərbaycandan olan 40 milyonluq əhalinin bu siyasətə qarşı təpkisi var. Müharibə dövründə bunun şahidi olduq. Amma daxildə İranın bu siyasətinə ciddi dirəniş məlum səbəblərdən hələ yoxdur. Yaxın perspektivdə Azərbaycana düşmənçilik edən dövlətə etirazların olacağı istisna edilmir. Zənnimcə, bölgədə formalaşan yeni düzən, regional siyasi maraqlar, ayrı-ayrı dövlətlərin aktivləşməsi İranın mövqeyinin durulmasına və dəyişməsinə səbəb olacaq. Hər halda İranı buna məcbur etmək üçün onun düşməncə hərəkətlərini durmadan ifşa etmək lazımdır. Azərbaycan Prezidentinin “Anadolu” agentliyinə müsahibəsində İranın düşmənə açıq dəstəyi bütün detalları ilə dilə gətirildi”.

İsmayıl Qocayev