Arvadını polis bölməsində öldürən şəxsin uşaqları qəyyumluğa verilir

“Ötən gün Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov tərəfindən həyat yoldaşı Xanım Məmmədovanın övladlarının gözü qarşısında qətlə yetirilməsi hadisəsi hamı kimi bizi də məyus etdi”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur  Mərdanoğlu bildirilib.

O qeyd edib ki, araşdırma əsnasında Nizami Rayon İcra Hakimiyyəti tərəfindən 6 və 4 yaşlarında olan uşaqlar ana babası və dayıları Aqil Əliyevə təhvil verilib:

“Azyaşlıların qanunla müəyyən edilmiş qaydalara əsasən X.Məmmədovanın valideynlərinin qəyyumluğuna verilməsi nəzərdə tutulur.

Son zamanlar məişət zəminində baş vermiş cinayət hadisələrinin qurbanlarının yaxınları tərəfindən istər komitəyə, istərsə də digər dövlət qurumuna verilən məlumatlar və ya kütləvi informasiya vasitələrində dərc edilmiş müsahibələr təhlil edilib. Nəticələr onu deməyə əsas verir ki, ailədaxili münaqişələrin ilkin vaxtlarından qurbanların yaxınlarının bu zorakılıq hallarına göz yumması, bu faktı ailə sirri kimi saxlaması daha ağır fəsadlara gətirib çıxarır.

Baş vermiş hadisə fonunda bir daha ictimaiyyətin diqqətinə çatdırmaq istəyirik ki, məişət zəminində zorakılığa məruz qalmış şəxslər barədə məlumatların aidiyyəti qurumlara vaxtında və düzgün çatdırılması bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayır”.