Ağacdan yıxılmış kimi...

Sevgi nə qədər gözəldirsə, ayrılıq bir o qədər çətindir. Yediyinin, içdiyinin dadını bilmirsən. Hətta udduğun hava da acı gəlir. Düşünürsən, bir də əvvəlkitək ola bilməzsən. Daha həmişə yarım- yarımçıq yaşayacağını fikirləşirsən. Təsəllilər, deyilən sözlər mənasız olur. Kimsəni eşitmək istəmirsən. Özün öz dünyana qapılırsan. Tez- tez keçmişi xatırlayırsan. Xatırladıqca qəhərə boğulur, hər dəfə rus yazıçısı Fyodor Dostoyevskinin "Acı və ya şirin- xatirələr insana əzab verir" aforizminin növbəti dəfə təsdiqini tapırsan. 

 Münasibət bitəndən sonra özünü ağacdan yıxılan insan kimi hiss edirsən. Özünü ən təhlükəsiz hiss etdiyin, gücünə ən çox inandığın vaxtda bunun niyə, necə başına gəldiyinə məəttəl qalırsan. Ağrıyırsan. Həmin acının təsiri ilə bədəninini torpağa daha çox basırsan. Ağrının kəsməyi üçün vücuduna təzyiq edirsən. Xoş gəlir, effekti olur. Ancaq bir də baxırsan ki, "şişin yatacaq" təsəllisi ilə qolun çürüyüb. Deməli, qorxudan qaçmaq çıxış yolu deyilmiş. Doğru variant onun üstünə getməkdir. Adətən bunu anlayanda gec olur. İş o yerə çatır ki, yeganə ümid amputasiyaya qalır. 

 Deməli, vaxt varkən ayağa qalxmaq, üst- başının toz- torpağını təmizləmək, silkələnmək lazımdır. Sonra da ağrıya dözə- dözə sağalmasını gözləyəcəksən. Biləcəksən ki, bizi öldürməyən şey bizi daha güclü edir. Və ağrımaq məhz canlıya xas xüsusiyyətdir. 

 Ətrafına baxacaqsan əvvəlcə. Ağacın yerində olduğunu, günəşin həmişəki kimi ətrafı işıqlandırdığını görəcəksən. Baxacaqsan ki, hər kəs öz işi ilə məşğuldur, uşaqlar əylənir, oynayır,, gülürlər. Sənin yerdə yıxılıb qalmağın kimisə maraqlandırmır. Ən yaxşı halda yanından keçəndə səni ayağa qaldırmaq üçün əl uzada bilərlər. 

Ancaq kimsə bundan artığını edəsi deyil. Bax, bunu anladığın an güclənəksən. Və biləcəksən ki, sevindiyin kimi kədərlənmək, güldüyün kimi ağlamaq da həyatın qanunu, taleyin hökmüdür. Sən nə qədər tez toparlansan gələcək xoş həyəcanlara, sevgilərə də bir o qədər çox yaxınlaşmış olarsan. 

Kənan Novruzov