“Status məsələsinə qayıtmaq mümkün deyil” 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib. Ölkə başçısı müsahibəsində xüsusilə bölgədəki durumla əlaqədar mühüm açıqlamalar verib.

Cənab Prezidentin İkinci Vətən müharibəsində qələbəmizin ilk ildönümü ərəfəsində xarici kütləvi informasiya vasitələrinə müsahibələr silsiləsini davam etdirdiyini söyləyən politoloq Əlimusa İbrahimov “Sherg.az”a bildirib ki, qələbəmizin ildönümü ərəfəsində dünyanın ən nüfuzlu telekanal və agentliklərinin Azərbaycana marağı artıb. Onun sözlərinə görə, verilən suallardan da dünya ölkələrinin Azərbaycan Prezidentinin dili ilə regional və beynəlxalq proseslərə cavab axtarırlar:

“Bu Azərbaycanın, onun Prezidentinin dünya səviyyəsində hər keçən gün artmasının əyani sübutudur və bununla fəxr edirik.

Müxbirin ilk sualı Ermənistanın baş naziri Nikol Paşinyanla görüşə Azərbaycan Prezidentinin hazır olub-olmaması haqqında idi. İlham Əliyev müxtəlif müsahibələr zamanı verdiyi cavabı bu dəfə də ispan jurnalist üçün təkrar etdi və bildirdi ki, Ermənistanla bütün məsələlər üzrə danışıqlara hazırıq və bu danışıqların gecikdirilməsi hər iki dövlətin xeyrinə deyil, ziyanına işləyir. Bununla da həm Ermənistanda, həm də onun havadarları olan ölkələrdə hökm sürən Azərbaycanın danışıqların aparılmasında ciddi marağı olmaması haqqında yayılmış fikri alt-üst etdi. Düşünürəm ki, bundan sonra eyni sualla Azərbaycan Prezidentinə müraciət olunmayacaq”.

 Ə.İbrahimovun fikrincə, status məsələsi demək olar ki, ölkə başçısından müsahibə götürən bütün müxbirlər tərəfindən səsləndirilir:

“EFE agentliyinin müxbiri də istisna olmadı. Amma İlham Əliyev bu dəfə fərqli, bəlkə də, əvvəlki müsahibələrinin heç birində səsləndirmədiyi fikirləri xarici auditoriyaya səsləndirdi: “Səmimi desəm, son dövrdə biz Ermənistandan həmin ərazinin statusu ilə bağlı heç bir bəyanat eşitməmişik. Əfsuslar olsun ki, bu fikirlər bəzi digər ölkələr, onların yüksək səviyyəli nümayəndələri tərəfindən səslənir”.

Bu həqiqətən status məsələsinin Ermənistandan daha çox onun havadarlarının dövrəsində olduğunun əyani sübutudur. Ermənistan 44 günlük müharibədən sonra düşdüyü acınacaqlı vəziyyətdə çıxış yolu axtarır, ölkədə post müharibə şəraiti stabilləşdirmək haqqında mübarizə edir. Xarici qüvvələr isə həm əllərində olan mexanizmlərdən istifadə edərək, həm də Ermənistanın özündəki müxalif qüvvələri qızışdıraraq status məsələsini ortaya atırlar. Paşinyan hakimiyyəti isə qonşu ölkələr, o cümlədən, Azərbaycan və Türkiyə ilə münasibətləri qaydaya salmaq haqqında daha çox düşünür, nəinki status haqında. İlham Əliyev ötən müsahibələrdə dediyi fikri bu dəfə də təkrar etdi: “Bu gün Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazidə - Qarabağda yaşayan 25 minə yaxın etnik erməni bizim vətəndaşlardır.

  Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq. Qısaca desək, status məsələsinə qayıtmaq mümkün deyil, status yoxdur və hər kəs bu məsələni unutmalıdır”.