Qərinələr, əsrlər keçməyinə baxmayaraq unudulmayan insanlardır şəhidlər!

Keçirdiyimiz hər gün tarixə dönür. Tarixə yazılan günlərin hamısı yaddaqalan olmur. Elə günlər var onlar unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhramanlardandır şəhidlər.Şəhidlər dünənimizin qəhrəmanlıq simvolu, bu günümüzün qeyrət salnaməsi, sabahımızın əbədi örnək təmsilçisidir. 

Payızda başlamışdı Vətən müharibəsi, elə payızda da sona yetdi. 44 günlük Vətən savaşı 30 illik işğala son qoymaqla tarixə Böyük Zəfərlə yazıldı. Bu Zəfərin qazanılmasında yüzlərlə Vətən oğlu qəhrəmanlıq, igidlik nümunələri göstərdilər. Belə cəsur oğullardan biri də ərlər, ərənlər yurdu kimi tanınan Qazax rayonunda doğulub boya-başa çatan şəhid Asəf Səfəralı oğlu Nəsibovdur. 

Bu torpaq Fərrux ağa Qayıbov, Əliağa Şıxliniski kimi görkəmli sərkərdələr yetirib. Onlar qəhrəmanlığı, döyüşkənliyi ilə, hərb elminin bilicisi kimi, Azərbaycanımızı dünyada tanıdıblar. Vətən müharibəsində də yüzlərləqazaxlı gənc ata-babalarının qəhrəmanlıq, döyüşkənlik ənənələrini davam etdirdilər. Cəsurluğu, qorxmazlığı ilə tanınan Asəf də onların sırasında idi...

Asəf Nəsibov25 fevral1994-cü ildə Qazax rayonun Qaymaqlı kəndində dünyaya göz açmışdı. Ailədə 2 uşaq idilər və Asəf evin böyük uşağı idi. Lap kiçik yaşlarından ağılı, tərbiyəsi ilə seçilib Asəf. 2000-2011-ci illərdə Qazax rayonun Qaymaqlı kənd orta məktəbində əla qiymətlərlə oxuyub. Orta məktəbdə oxuduğu zaman xüsusi fəallığı ilə digər yaşıdlarından fərqlənib. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, torpaqlarımızın işğalı haqqında məlumatlar Asəfdə düşmənə nifrəti daha da artırıb. Asəf 2011-2015-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb. Təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanır və Azərbaycan Ordusunda Vətənə övladlıq borcunu yerinə yetirir. Çətin təlimlərdə uğurlu nəticələr qazanır. Dəfələrlə fəxri fərmanlara layiq görülür. 

Mənəvi-psixoloji, döyüş və fiziki hazırlıqları ilə digər əsgər yoldaşlarından fərqlənir. 2015-2016-cı illərdə hərbi xidmət keçən Asəf Aprel döyüşlərinin iştirakçısı olmuşdur. Döyüşlərdə sərrast nişançı kimi xüsusi fəallıq göstərib. Hərbi xidmətdən qayıtdıqdan sonra Asəf Nəsibov müxtəlif yerlərdə işləmiş və sonuncu iş yeri İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” MMC olmuşdur. “Sumqayıt Kimya Sənaye Parkı” MMC–də baş mütəxəssis vəzifəsində çalışan Asəf ağlı, savadı, tərbiyəsi ilə kollektivin dərin hörmətini qazanmışdır.

Böyük Vətən müharibəsi başlayandanürəyi vətən eşqi ilə döyünən Asəf könüllü olaraq döyüşlərə qatılır. Döyüş meydanında komandirlərinin tapşırıqlarını uğurla yerinə yetirən AsəfCəbrayıl, Qubadlı və Laçın rayonlarının və ətraf ərazilərinin alınması uğurunda gedən şiddətli döyüşlərdə iştirak etmişdir. Oktyabrın 29-da Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə Asəf şəhadətə qovuşur.

Asəf Nəsibov döyüşlərdə göstərdiyi igidlik və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Asəf həm də nişanlı idi. Nəsibovlar ailəsi toy gününü intizarla gözləyirdilər. Amma müharibə gənc Asəfin bütün arzularını alt-üst etdi. Bir ismətli, gözəl-göyçək azəri qızına gəlinlik paltarı geyinmək qismət olmadı, “Vağzalı” çalınmadı, toy xonçaları bəzənmədi. Hər iki nişanlı gənc bir-birinə qovuşa bilmədi, nakam məhəbbət daşa dəydi. 

Bəli, Asəf də digər şəhidlərimiz kimi öz həyatını canından çox sevdiyi Vətəni uğurunda fəda etdi. Bu amal uğrunda gözünü qırpmadan, ölümün gözünə dik baxan Vətən övladlarını yad etmək, xatirələrini əziz tutmaq hər birimizin ən müqəddəs borcudur. 

Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc nəslə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvərlik ruhunda böyütmək, torpağına bağlı, xalqına hörmət hissi ilə tərbiyə etmək isə hər bir ölkə vətəndaşının ən ümdə vəzifəsidir.

Elçin Kazımlı