“Ermənilər Azərbaycan Prezidentinin mesajlarından nəticə çıxarmalıdır”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunda səfərdə olub. Ölkə başçısı Suqovuşan qəsəbəsində çıxışı zaman mühüm məqamları diqqətə çatdırıb.
Prezident Suqovuşanda Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyana sərt xəbərdarlıq edib:“Bu gün İrəvanda oturub, öz çirkin ağzını açıb mənim atamın haqqında söz demək ona (Serjik Sarkisyan nəzərdə tutulub - red.) çox baha başa gələr.

Artıq onun qulağından tutub dartmağımıza az qalmışdı. O da yenə haradansa öyrənib, bilib və Xankəndidən qaça-qaça gedib oturub İrəvanda. Bu yaxınlarda keçirilmiş seçkilərdə görün, heç beş faiz səs toplaya bilməyib. Görün, erməni xalqı bu məxluqa nə qədər nifrət edir ki, hətta müharibədə günahkar sayılan iqtidara daha çox səs verdi, nəinki ona. Odur ki, bir də deyirəm, bax, mən buradayam, Suqovuşandayam, mən Şuşadayam, mən Hadrutdayam, mən Xocavənddəyəm, hər yerdəyəm. Siz haradasınız?! Cəhənnəmdə, gorbagor statusla bir yerdə. Vəssalam, qurtardı, bitdi.

Bu sözləri deməklə, təkcə öz çirkin ağzını açaraq cəfəng sözləri deyən, naftalin qoxusu verən bir ünsürə cavab vermirəm. Bütün Ermənistanda onun kimilərə, bütün revanşist hisslərlə yaşayanlara müraciət edirəm - ağlınızı yığın başınıza. Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir. Bizi əsəbiləşdirməyin, özünüzü yaxşı aparın. Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz”.

Prezidentin verdiyi mesajlarla bağlı “Sherg.az”a açıqlama verən millət vəkili Elman Məmmədov qeyd edib ki, Suqovuşan 44 günlük müharibədən sonra işğaldan azad olundu:

“Artıq Suqovuşan abadlaşıb, orada yeni bir həyat var. Ölkə başçısının səsləndirdiyi fikirlər içərisində diqqəti çəkən bir çox məqamlar var idi. Bunlardan biri də Ermənistanın keçmiş cani prezidenti Serjik Sarkisyana səsləndirdiyi fikirlər oldu. Prezident yalnız Sarkisyana yox, onun timsalında olan bütün cani və işğalçılara xəbərdarlıq etdi. Yəni bu torpağın əsl sahibləri bizik! Onun Sarkisyan haqqında dedikləri tamamilə reallıqları əks etdirirdi. Cənab Prezident Ermənistanda və bütün dünyada yaşayan ermənilərə səsləndi. Yəni görün nə gündəsiz ki, sıradan, dələduz, cinayətkar və hərbi cani uzun illər erməni xalqına rəhbərlik edib”.

 Parlament üzvü hesab edir ki, erməni xalqının sağlam düşüncəli hissəsi Azərbaycan Prezidentinin bu çağırışları və mesajlarından nəticə çıxarmalıdır:

“Ermənilər 30 il ərzində başlarına gələn müsibətlərdən, onları bu günə salan Sarkisyan və Koçaryan kimi cinayətkarların hərəkətlərini yaxşı bilməlidirlər. Ölkə başçısının Suqovuşanda dedikləri erməni xalqını ayıltmaq və onların düzgün düşünməkləri üçün verilən mesajlardır. Yəni yeganə çıxış yolları Azərbaycan və Türkiyə ilə mehriban qonşuluqdan keçir!”.