Nazir:“Qabiliyyətimiz beynəlxalq səviyyədə təqdirlə qarşılanıb”

“Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyinin prioritetlərindən biri də müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verməklə çoxtərəflilik dəyərlərini təşviq etməkdir”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Gənclər Şəbəkəsinin Təsis İclasının açılış sessiyasında bildirib.

Nazirin sözlərinə görə, QH-nin Azərbaycan sədrliyi, tədricən qlobal miqyasda ən təsirli gənclər təşkilatlarından birinə çevrilməsi gözlənilən QH Gənclər Şəbəkəsinin konsepsiyasını hazırladı:

“Dünya bu gün tarixin ən böyük gənc nəslinə sahibdir – 1,8 milyard. Bunların 90%-ə yaxını mütləq əksəriyyətini QH üzv dövlətlərinin təşkil etdiyi inkişaf etməkdə olan ölkələrdə yaşamaqdadır. Bir-birləri ilə heç vaxt olmadığı qədər əlaqəli olan gənc insanlar, yenilikçi həll yolları təklif etməklə və sosial inkişafın aparıcı qüvvəsinə çevrilməklə cəmiyyətlərinin inkişafına töhfə verirlər. Eyni zamanda onlar, keyfiyyətli təhsil, səhiyyə, layiqli iş, məcburi yerdəyişmə, ayrıseçkilik və kənarda qalmanın müxtəlif formaları kimi çoxşaxəli çağırışlarla qarşılaşırlar ki, bu da onlara imkanlarından tam şəkildə istifadə etməyə imkan vermir. Gənc insanların bu çağırışların öhdəsindən necə gəlməsi və öz yollarını müəyyən etməsi bəşəriyyətin inkişafı baxımından vacibdir”.

Nazir Azərbaycanın Qoşulmama Hərəkatına verdiyi töhfələrdən söhbət açıb.

“Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyinin prioritetlərindən biri də müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verməklə çoxtərəflilik dəyərlərini təşviq etməkdir. QH sədrliyi kimi bu mühüm və məsuliyyətli vəzifəni qəbul edərkən, Azərbaycan çoxtərəfliliyin və Bandunq prinsiplərinin təşviqinə dair qətiyyətli sadiqliyini bəyan edib. O vaxtdan, biz təsis prinsiplərinin ruhunu və onlara bağlılığın əhəmiyyətini təşviq etmək üçün səylərimizi əsirgəməmişik.

COVID-19 pandemiyasının yayılması ilə baş verən görünməmiş və gözlənilməz miqyasda çağırışlar effektiv çoxtərəflilik üçün başlıca sınaq rolu oynadı. Məmnuniyyətlə qeyd etmək istərdim ki, pandemiyaya qarşı vaxtında, birgə və effektiv addımlarla bizim Hərəkatımız bir daha çoxtərəflilik aləmində davam edən rolunu və etibarlılığını nümayiş etdirib.

Bu mürəkkəb zamanlarda bizim təşkilatlanmaq və praktik həll yolları təklif etmək qabiliyyətimiz beynəlxalq səviyyədə təqdirlə qarşılanıb. Dünya liderləri və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri böhran qarşısında Hərəkatın nümunəvi və diqqətəlayiq həmrəyliyini təqdir etmişlər. Bizim həmrəyliyimiz nümayiş etdirdi ki, qlobal əhəmiyyətli bir sıra məsələlərə dair QH üzv dövlətləri arasında fərqli mövqelər olsa da, biz ümumi düşmən qarşısında təşkilatlana bildik”, - deyə C.Bayramov bildirib.

Nazir sonda yeni yaradılan Şəbəkənin üzvlərini şərtlər imkan verən kimi Azərbaycana səfər etməyə çağırıb.