"Torpağın qadınları"


Dünyanı onlar dəyişdirəcək

Dahi Hüseyn Cavid  “sürüklənən bəşəriyyət qadınla  yüksələcək!” deyirdi. Belə çıxır ki, əcnəbilər görkəmli klassikin dahiyanə fikrinə mənsub olduğu xalqın nümayəndələrindən çox önəm verir?.. Niyəsini deyək. Bu günlərdə “Yves Rocher” Vəqfi dünya qadınlarını əhatə edən “Torpağın qadınları” Mükafatının 2022-ci il qalibini müəyyənləşdirmək üçün növbəti qeydiyyat prosesinə başlayıb. 

Qeydiyyat oktyabrın 15-dək davam edəcək. Mükafata iddialı qadınlar, harada yaşamalarından, hansı irqə mənsubluqlarından asılı olmayaraq, əgər yer üzünün daha da gözəlləşməsi, təmizlənməsi, saflaşması üçün kiçicik bir əmək sərf edirsə, qeydiyyatdan keçə bilər. Əlbəttə ki, öz hekayəsini əlavə etməklə. Detallara varmayacağıq. Mükafata təqdimolunma üçün şərtlər, ünvan Vəqfin veb.saytında yerləşdirilib. Məqsəd yarışma haqqında məlumat vermək deyil, yarışmanın nəyə xidmət etməsindədir. 

Qeyd edək ki, BMT-nin Minillik İnkişaf Proqramı hədəflərindən biri də qadın azadlığı və gender bərabərliyidir. Adıçəkilən Vəqf məhz bu hədəfi dəstəkləmək məqsədilə 2001-ci ildən etibarən “Torpağın qadınları” Mükafatını təsis edib. Və bugünədək 50-dən artıq ölkədə 450 qadını mükafatlandırıb, ümumilikdə qadınlara 2 milyon avro dəyərində köməklik göstərilib.  2015-2016-cı illərdə qardaş Türkiyədə də bu layihə gerçəkləşdirilib və Türkiyə dünya ölkələri sırasında birincilik əldə edib. 

Layihənin məqsədi planeti xilas etməkdir. Və qadınlar da genetik təməlləri baxımından xilasedici, qoruyucu, canlandırıcı olduqlarından bu vacib məsələdə qollarını çırmalayaraq öndə gedirlər. Biomüxtəlifliyi qorumaq, dünyamızı xilas etmək, ətraf mühitə təsirləri pozitiv hala gətirmək, dünyamızı daha da gözəlləşdirmək məqsədilə qadınlar planetin  müxtəlif nöqtələrində mücadilə aparır. Fərdi olaraq da, təşkilat, birlik şəklində də. Belə qadınların hədəfi təbiətdən aldıqlarını təbiətə geri qaytarmaqdır. Torpağı təzələmək, bərəkətini artırmaq üçün çalışan qadınlar var.  İlhamını torpaqdan alan qadınları bu çalışmalar zamanı dəstəkləyəcək layihələrə məhz bu səbəbdən böyük ehtiyac var. Cəmiyyət üçün faydalı ticarət fəaliyyəti ilə məşğul olan, mənfəət güdməyən quruluş və birliklərdə yer alan, ətraf mühit və təbiət uğrunda mücadilə aparan, fərdi iş qurub yararlı  layihələr gerçəkləşdirmək istəyən qadınlar dəstək almaq üçün Vəqfə müraciət edə bilər. Torpağı ana bilən, torpaqla “əlləşib” halal çörəyini ondan qazanan türk qadını bu mükafatı alsa da, almasa da, mükafatların ən böyüyünü, ən dəyərlisinə sahibdir: O Vətəndir - Ana Vətən!