Rəngli insanlar

Bütün ömrümüz boyu yeni insanlar tanımaqdayıq. Əksəriyyəti ilə təsadüfən tanış oluruq. Sonra həmin tanışlıqlar yoldaşlığa, dostluğa, bəzən də sevgiyə çevrilir. Həmin insanla yola çıxırıq, nələrsə öyrənirik. Müəyyən müddət belə davam edir. Bəzən uzun illərlə. Sonra necəsə olur və həmin insan gedir. Deyildiyi kimi, ya zəlzələdən, ya vəlvələdən. Ardınca bir başqası gəlir. Haçansa yoldaşlardan birinin dediyi kimi, məlum olur ki, sən hayatının mərkəzindəsən. İnsanlar ətrafında fırlanırlar. Kimsə gəlir, kimsə gedir. Gələnlər gedənləri unutdura bilirlərmi? Əlbəttə, yox. Amma bu, başqa mövzudur. 
 İndi demək istədiyim odur ki, həyatımıza daxil olanlar eyni deyillər. Tam fərqli hisslər yaşadırlar. Xeyli müddət sonra bəzilərini sevgi, bəzilərini kədər, bəzilərini də hirslə xatırlayırıq. Şübhəsiz, ömür boyu unudu bilmədiklərimiz kimi,  heç yada düşməyənlər də var.
Bu günlərdə həmkarlardan biri ilə danışırdım. Əlini masanın üzərindəki rəngli karandaşlardan düzəldilmiş bəzəyə uzadaraq soruşdu: "Görürsünüz?". "Bəli" dedim. Və əlavə etdi: "Həyatımızdakı insanlar da bu rəngli karandaşlar kimidir". Fikrini dərhal anladım. Haqlı idi. 
 Bəzən "ağ" insanlar tanıyırıq- pak, saf, duru su kimi. Onları Tanrının hədiyyəsi kimi qəbul edirik. 
Hərdən "qara"larla rastlaşırıq. Aldanırıq. Pis xatirələrə səbəb olurlar. Ancaq həm də öyrənirik. Təcrübə qazanırıq. Növbəti dəfələrdə daha az səhvlər edir, necə deyərlər, daha ayıq- sayıq oluruq
"Mavi" insanlar həmin rəngin xüsusiyyətinə uyğun olaraq bizi soyuqqanlı edir, belə demək mümkünsə, "buza" çevirirlər. 
 "Qırmızı" adamlar həyəcanlandırır, riqqətə gətirir, "sarı"lar diqqət çəkir, "yaşıl"lar  rahatlıq verir, dincəldir. Əlbəttə, başqaları da var. Ən azı rənglərin sayı qədər insan xarakteri, tipi mövcuddur. Hətta daha çox. 
 Həmin kolleqamın dediyi kimi, hər biri nə isə öyrədir, bizə nə isə qatır, daha da təkmilləşdirir. Yaxın buraxmasaq, qəbul etməsək özümüz yarımçıq qalacağıq, həmin rəngdən xəbərsiz olacaq və ömür boyu natamam yaşayacağıq. Odur ki, qapıları bəzən ağzına qədər açmaq lazımdır. Bir şərtlə: gərək ev sahibinin özün olduğunu unutmayasan.
Kənan Novruzov