Deputatdan İrana sərt təpki:“Müsəlmana hava xəttini verməmək yezidlikdir”


“Deməli, cənub qonşumuz İmam Hüseyndən yox,  yeziddən çox şey götürüb. Bu gün İranı yönəldənlər də yezidlik məktəbinin təmsilçiləridir”

“Azərbaycanda İranın yalanına aldanan insanlar onların məkrli niyyətlərini dərk etməlidirlər”


“Azərbaycan Hava Yolları” aviaşirkəti oktyabrın 6-dan etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb. Bununla bağlı AZAL-dan məlumat verilib.
Qurumdan bildirilib ki, bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir və bütün sərhəd dövlətlərin maraqlarına cavab verir.

Ekspertlər qeyd edir ki, sözügedən yenilik birtərəfli xarakter daşımır. Müvafiq öhdəlik həm Azərbaycan, həm də Ermənistanın üzərinə düşür. Odur ki, eyni şəkildə Ermənistanın mülki təyyarələri də Azərbaycanın hava məkanından keçən dəhlizlərdən istifadə edə biləcək.

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) qaydalarına əsasən, regionun hava məkanı və bütün hava dəhlizləri artıq uçuşlar üçün açıqdır.Regionumuzdakı müharibə artıq geridə qaldığı üçün regional aviasiya təhlükəsizliyi qaydalarında da dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, artıq Azərbaycan beynəlxalq konvensiyalara uyğun olaraq Zəngəzur dəhlizinin üzərindəki hava məkanından istifadə edərək uçuşlar yerinə yetirir.

Regionda kommunikasiyaların açılmasının növbəti nümunəsi olan bu addım Ermənistanı həm də tranzit ölkəyə çevirəcək. Həmçinin bu yenilik sayəsində xüsusilə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə İranın hava məkanından istifadəyə ehtiyac qalmayacaq.

 Baş verənlərlə bağlı “Sherg.az”a açıqlama verən millət vəkili Fazil Mustafanın fikrincə, Azərbaycan təyyarələrinin Naxçıvana Zəngəzur səması ilə uçması gərəkli prosesdir.
Parlament üzvü qeyd edib ki, artıq bölgə dövlətləri məsələyə düşmənçilik prizmasından yanaşmamalı və anlamalıdırlar ki, prosesin əvvəl-axır çözülməsi bölgənin rifahi üçün vacibdir:

 “Təyyarə xəttinin açılması humanist bir davranışdır. Humanizmdən anlayışı olmayan İranın isə belə bir davranışı gözləniləndir. Onlar tez-tez İmam Hüseyn məkətbinə aid olduqlarını deyirlər. İndi baxıb görsünlər ki, müsəlmana hava xəttini verməmək yezidlik deməkdir. Deməli, İran İmam Hüseyndən yox,  yeziddən çox şey götürüb. Bu gün İranı yönəldənlər də yezidlik məktəbinin təmsilçiləridir”.

 F.Mustafanın sözlərinə görə, artıq Ermənistan anlayıb ki, kiminsə oynununa gəlmək lazım deyil və bu yol onların özləri üçün lazımdır:

“Bir-birinin hava yolunu kəsərək, insani xüsusiyyətdən kənar davranış sərgiləyib niyə hansısa daşınmaya mane olsunlar? Azərbaycanlı, erməni,fars -hər biri insandır. Hava yolunu kəsməyin hansısa dövlətin vətəndaşına nə aidiyyəti var? Yəni xəstəxanada bir azərbaycanlı yatsa, İran onun oksigen balonunu bağlayacaq? Dövlətlərarası münasibətlərdə müəyyən təzadlar ola bilər, amma Naxçıvanın yolunu bağlamaq xəstənin oksigenini bağlamaq kimidir. İrandakı insanlar da məsələnin gedişinə baxır və görürlər ki, belə bir biabırçı qərar olmaz. Azərbaycanla bir dövlət kimi hansısa problemi varsa, xarici işlər naziri və səfirlərini söhbətə cəlb edə bilərlər və məsələ həllini tapar. Lakin əlində bir hava yolu var və onu da bağlayırlar. Ona görə də Azərbaycanda İranın yalanına aldanan insanlar onların məkrli niyyətlərini dərk etməlidirlər”.