Şahin Sərdarlı:"Həmkarlar ittifaqları barədə söylənilənlər populizmdir"

Bəzi xəbər saytlarında Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti haqda yazılar dərc olunur. Əslində bir neçə yazını oxumuş, iddiaçı və qarşı tərəfin mövqelərini izləmişəm.
Bilirsiniz, il yarım həmkarlar ittifaqlarında fəaliyyətim olub. Bu fəaliyyət də üzvlərimizə, eləcə də cəmiyyətin ayrı-ayrı fərdlərinə tanışdır. Deyərdim ki, yaxından tanışdır. Çünki bu qısa zaman ərzində əlimizdən gələni əsirgəməmişik. 

Bu yazını ərsəyə gətirməyə məni vadar edən şey ittihamların tamamilə əsassız olması idi. Bir sözlə, çox gülünc, həqiqətdən uzaq, qeyri-dəqiq, qərəz və populizmdən ibarət iddialardır. Mən bu barədə qətiyyən nəsə yazmaya da bilərdim, yazmağım nəyisə dəyişəcək deyə bir şey də yoxdur. Amma adamda gərək vicdan da ola. Bu gün mən nə universitetdə işləyirəm, nə də ki, həmkarlarda. Amma adam gərək kişi ola, axı. Sözü deyəndə də, gərək haqqına deyəsən. 

Həmkarlar müstəqil təşkilatdır. Mən o müstəqilliyi şəxsən görmüşəm, nə universitetdən, nə üst komitədən bizim asılılığımız qətiyyən olmayıb. Hansı idea, hansı təşəbbüslə çıxış etmişiksə, şəxsən Səttar Möhbalıyevin timsalında bütün Respublika Komitəsi əməkdaşları tərəfindən dəstək görmüşük. Nəinki vassal asılılıq. 

İl yarım müddətdə şəxsən Həmkarlar Konfederasiyasının dəstəyilə sosial şəbəkələrdə başlatdığımız kampaniyalar vasitəsilə 37 tələbənin təhsil haqqı xərclərini ödədik, 50 nəfərdən çox tələbəmiz əlavə təqaüd qazandırıdəq, 60-dan çox tələbəmizi işlə təmin etdik, bu müddət ərzində 200-dən çox tələbənin yataqxana xərclərini qarşıladıq, ümumilikdə 400-ə yaxın tələbəyə maddi dəstək göstərdik, 10 nəfər tələbənin müalicə xərclərini qarşıladıq, yataqxanada tələbələrin yaşam şəraitini yaxşılaşdırmaq məqsədilə bir çox işlər gördük, əlavə olaraq onlara 100-dən çox bədii kitab hədiyyə etdik, pandemiya dövründə 110 nəfər tələbənin hər birinə birdəfəlik maddi yardım göstərdik, o cümlədən Koronavirusla Mübarizəyə Dəstək Fonduna və digər fondlara  müxtəlif kampaniyalara dəstək məqsədilə maliyyə yardımı etdik, tələbələrimizin bədii kitablarını dərc etdik və s. 
Bütün bunları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyanın tabeliyində olan kiçik bir təşkilat olaraq etdik, amma əmin olun ki, bizim kimi bu işləri aparan təşkilatlar da az deyildi. 

Həqiqətdən uzaq, faktlara istinad etməyən qərəz dolu yazılara uymaq sadəcə gülməlidir, gülməli. 
Qeyd etmək istəyirəm ki, həmkarlar təşkilatlarında vəsaitin xərclənməsinə həmkarlar ittifaqlarında fəaliyyət göstərən nəzarət-təftiş komissiyaları tərəfindən nəzarət edilir. Eyni zamanda keçirilən iclaslarda, konfranslarda, qurultaylarda vəsaitin hara xərclənməsi barədə hesabatlar verilir. 

Bu məqamda AHİK-in hesabatını qeyd etmək lap yerinə düşər:  "Təkcə 2020-ci il və 2021-ci ilin ilk 6 ayı ərzində AHİK pandemiya və Vətən müharibəsi ilə əlaqədar ümumilikdə 18 295091 manat vəsait xərcləyib. Belə ki, 44 günlük müharibə dövründə AHİK və onun üzv təşkilatları tərəfindən “Silahlı Qüvvələrə Yardım Fondu”na 10 22 605 manat, “YAŞAT” Fonduna 586 510 manat, “Qarabağ Dirçəliş Fondu”na 600 000 manat, Silahlı Qüvvələrə və cəbhə bölgəsinə yaxın ərazilərdə yaşayan və müharibədən əziyyət çəkən sakinlərə 1 497 858 manat, Naxçıvan Muxtar Respublikasının həmkarlar ittifaqlarına 150 000 manat vəsait köçürülüb.
AHİK tərəfindən həmişə diqqətdə saxlanılan şəhid ailələrinə və qazilərə ümumilikdə 1123800 manat maddi yardım göstərilib. 6 278 şəhid ailəsinə və qaziyə birdəfəlik yardım edilib. 161 şəhid ailəsinin 269 övladı himayəyə götürülüb.
Pandemiya dövründə də xüsusi fəallıq göstərən AHİK 98 507 aztəminatlı ailəyə ümumilikdə 3 925 985 manat, 92 254 nəfərə isə ümumilikdə 6 500 762 manat yardım göstərib. Həmçinin Koronavirusla Mübarizəyə Dəstək Fonduna 680 670 manat, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə 705 000 manat vəsait köçürülüb. İnfeksiyadan qorunmaq üçün 1 450 149 manat dəyərində 1405285 ədəd 10-dan çox müxtəlif adda qoruyucu vasitələr alınaraq işçilər arasında paylanılıb". 

Əziz dostlar, mən bu hesabatda qeyd olunan və həqiqətən görülən işlərin bir hissəsinin içərisində olmuşam. Bu gün Həmkarlar İttifaqlarının ölkəmizin ictimai-siyasi həyatındakı fəaliyyəti böyük əhəmiyyət kəsb edir. 

Əzizlərim, mən kimisə müdafiə etmirəm, nəyisə müdafiə etmək fikrim də yoxdur. Amma yaşadığımız həqiqətləri gərək ki, mütləq qeyd edək. 
Sayqılarla.

Şahin Sərdarlı