Narkotik maddə qəbul edib avtomobil idarə edən şəxs CƏRİMƏLƏNDİ

Masallıda axtarışda olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən noyabrın 8-i saat 12 radələrində Masallı rayonunun Sərçuvar kəndi ərazisində yerləşən Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti postunda Sumqayıt şəhər sakini M.Əhmədovun idarə etdiyi “Mitsubishi” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Yoxlama zamanı onun sürücülük vəsiqəsinin və etibarnaməsinin olmadığı aşkar edilib.

Polis əməkdaşlarında M.Əhmədovun narkotik vasitə qəbul etməsi şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib və narkotik vasitənin təsiri altında olması müəyyən edilib.

M.Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) protokol tərtib olunub və Masallı rayon məhkəməsi tərəfindən 500 manat məbləğində cərimələnib.