Prezidentə Ali Ordeninin verilməsi ərəbdilli mediada...

İordaniyanın “Nayrouz” informasiya agentliyinin saytında, həmçinin Küveytin “q8press”, İraqın “Əfkar Hürə” və “Mustağila” portallarında azərbaycanlı şərqşünas Haşim Məmmədov və siyasi şərhçi Turan Rzayevin Türk Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi barədə məqalə dərc edilib.

“Sherg.az” xəbər verir ki, məqalədə mükafatın Azərbaycanın dövlət başçısına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edildiyi diqqətə çatdırılıb. 

Müəlliflər qeyd ediblər ki, Prezident İlham Əliyevin türk dünyasının ali mükafatı ilə təltif edilməsi Azərbaycan Prezidentinin böyük şəxsiyyətinə, türk dünyasında liderliyinə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında olan yüksək nüfuzuna verilən layiqli qiymətdir.

Yazıda vurğulanıb ki, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi Qələbə Prezident İlham Əliyevin timsalında türk xalqının tarixi oyanışının rəmzi olub. Xüsusən, türk dünyası üçün də əhəmiyyətli olacaq Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlər diqqətəlayiqdir. Prezident İlham Əliyev hələ 2009-cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə deyirdi ki, vaxtilə Azərbaycanın tarixi, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən liderdir.