Göz qapaqları ilə 25 kiloqram ağırlıq qaldırmaq istəyir


Dünyanın ən təhlükəli rekorduna imza atmaq üçün qollarını çırmaladı

İngiltərənin Leicester şəhərində yaşayan Strongman ləqəbli Manjit Sinkx dünyanın ən təhlükəli rekorduna imza atmaq üçün qollarını çırmalayaraq işə girişib. Onun etdiyini görənlərsə “bu qədər də olmaz!” deyə heyrət edirlər. Manjit Sinkx isə nə olursa olsun Ginnesin Rekordlar kitabına düşmək istəyir. 

Ağır atletika ustası olan Manjit 70 yaşındadır və indiyədək bir çox rekorda imza atıb. Məsələn, göz qapaqları ilə 24 kiloqram ağırlıq qaldırıb. Bununla Ginnesin Rekordlar kitabına adını yazdırıb. Lakin Manjit rekordunu təzələmək niyyətindədir. Bu dəfə Manjit göz qapaqları ilə 25 kiloluq ağırlıq qaldıracağını bəyan edib. Hindli göz qapaqlarına dəmir parçası keçirərək ağırlıq qaldırdığı anları videoya çəkərək paylaşıb. Görənlər dəhşətə gəlir. 

Amma Manjit 25 kiloqramlıq ağırlığı qaldıra bilməyib. Məğlubiyyət acısını dadıb. Manjitin başqa “xarüqələri” də var. 

Saçıyla avtobusu yerindən sürüyür, içərisində isti su olan şüşəni ağzında sıxaraq sındırır. “İnsanlar mənə inanmır. Gördüyüm işlərsə mənim üçün bir avantajdır” deyən Manjit, bu dəfə uğursuzluğa düçar olsa da, 2022-ci ilin yanvar ayında göz qapaqları ilə 25 kiloqram ağırlıq qaldırmağa yenə cəhd edəcəyini deyib.