Atalığı tərəfindən zorlanan 11 yaşlı qızdan yeni XƏBƏR VAR


İmişlidə atalığı tərəfindən zorlanan və sığınacağa yerləşdirilən 11 yaşlı qızın təhsildən geri qalmaması üçün tədbirlər görülüb.

Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov məlumat verib.

O bildirib ki, 11 yaşlı qızın vəziyyəti yaxşıdır və qurum tərəfindən nəzarətdə saxlanılır:

“Uşağa müəssisədə ilk növbədə ilkin psixoloji yardım göstərilib. Burada sosial reabilitasiya proqramına cəlb olunub. Sosial reabilitasiya proqramı çərçivəsində həm psixoloji yardım alır, həm də onunla fərdi terapiya aparılır. Asudə vaxtını həmyaşıdları ilə birgə dərnəklərdə keçirir. Həmçinin 11 yaşlı qızla mütəxəssislər tərəfindən sosial pedaqoji iş aparılır. Yəni, təhsil səviyyəsinə uyğun olaraq dərsliklər vasitəsilə və sosial pedaqoqların iştirakı ilə məşğələlərə cəlb edilib”.

Qeyd edək ki, İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı - 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam edir.

Xatırladaq ki, 11 yaşlı qızın Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hamiləlik patologiyası şöbəsində 31-ci həftəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyi uşaq isə vəfat edib.