Məhkəmələrdə monitorinqlər başlayır


Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenum iclası keçirilib.

Bu barədə Ali Məhkəmə məlumat yayıb.

Plenumda “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” qərar layihəsi geniş müzakirə olunub və təhlillər aparılıb. 

Qeyd olunub ki, inzibati məhkəmələr vasitəsilə hüquqların real təmin edilməsinə nail ola bilmək üçün həmin məhkəmələr tərəfindən çıxarılmış qərarların icrasının təmin olunması həlledici əhəmiyyət daşıyır.

Bildirilib ki, ölkəmizdə bu sahədə məhkəmə qərarlarının icrasında mövcud problemləri aradan qaldırmaq, hüquqi müdafiə mexanizmlərinin daha səmərəli və işlək olmasına nail olmaq, eləcə də sözügedən məsələlərə dair hüquq tətbiqetmə təcrübəsinin vahidliyini təmin etmək prioritet məsələlərdəndir.

Plenumda müzakirə olunan məsələ ilə bağlı qərar qəbul edilib.

“İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi də müzakirəyə çıxarılıb və müvafiq qərar qəbul olunub.