Paytaxtın intensiv hərəkət olan küçəsində yol çökdü - YENİLƏNİB 


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda çökən yolla bağlı açıqlama verib.

Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən əraziyə əməkdaşlar tərəfindən baxış keçirilib və aidiyyəti üzrə yolun deformasiyaya uğramış hissəsinin bərpa olunması istiqamətində işlər görülür:

“Paytaxtın Abbas Mirzə Şərifzadə 424A ünvanından “Azəristiliktəchizat” ASC-nin xətti keçirdi.

Sözügedən qurumun ərazidən keçən xəttində sızma olub. Bu səbəbdən də asfalt örtükdə enmə olub. Təxminən 2-3 kvadratmetrlik sahədə qazıntı aparıldı, problem aradan qaldırıldı. İşlər tamamlandıqdan sonra qazılan yerin üzəri qruntla örtüldü. Günün sonuna qədər yolun həmin hissəsində asfalt örtüyü bərpa ediləcək”.

12:36

Bakıda intensiv hərəkət olan yolda çökmə qeydə alınıb.

Oxu.Az-ın məlumatına görə, metronun “İnşaatçılar” stansiyası yaxınlığında, Abbas Mirzə Şərifzadə 424A ünvanında yol çöküb. 

Yolda yaranan çökmə nəqliyyatın hərəkətinə mane olub.

Problemin aradan qaldırılması üçün yolun çökən hissəsinə torpaq tökülüb.