Azərbaycan Prokurorluğunun beynəlxalq təşkilatlarla əməkdaşlığı uğurla davam etdirilir

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair qarşıya qoyulmuş hədəflərə uyğun olaraq Azərbaycan Respublikasının prokurorluq orqanları bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. 
"Sherg.az" xəbər verir ki, belə tədbirlərdən biri kimi, 15-17 noyabr tarixlərində Avstriya Respublikasının paytaxtı Vyana şəhərində Birləşmiş Millətlər Təşkilatının yeni təsis edilmiş və ölkəmizin ilk üzvlərindən olduğu Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE) 1-ci iclası keçirilib.
BMT-nin nümayəndələrinin, ABŞ, Böyük Britaniya, Türkiyə Respublikası, Rusiya Federasiyası və digər dövlətlərin təmsilçilərinin qatıldığı tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Əflatun Hüseynov təmsil edib.
Tədbirdə “Korrupsiyanın qarşısının alınması və bu istiqamətdə hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlər”, “Rüşvətxorluğa qarşı mübarizədə əldə olunan müsbət təcrübə” və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılmış və sonda Şəbəkənin Əsasnaməsi qəbul olunmuşdur. Sözügedən sənəd layihəsinin qəbulu ilə əlaqədar aparılmış müzakirələrdə nümayəndəmiz çıxış edərək təkliflərini irəli sürüb. 
Şəbəkənin növbəti iclasının cari ilin 13-17 dekabr tarixlərində Misirdə keçiriləcəyi qeyd olunub.