"Mən həmişə vətəndaşın yanında olmuşam"

Razi Nurullayev: "Amma bir vətəndaşın ucbatından yüzlərlə insana ziyan dəydiyinə görə haqqı deməliyəm"


Millət vəkili Razi Nurullayev parlamentin iclasında deyib ki, bizdə neftdən əlavə ən böyük drayver toy və tikintidir. Deputatın fikrincə, toy iqtisadiyyatımızın ana xətti olmasaydı, bu qədər şadlıq evləri tikilməzdi: “Xoşumuza gəlməsə də, gerçəkliyimiz budur. İkinci drayver isə tikintidir. Tikinti az qala bütöv Azərbaycanı işlə təmin etmək iqtidarındadır və biz bunun birinci tikinti bumunda şahidi olmuşuq. İndi isə tikintilər həddindən artıq zəifləyib. Burada birinci məsələ köçmək istəməyən bir və ya bir neçə vətəndaşa görə tikintilərin aylarla, bəzən illərlə gecikməsidir. 

Məsələn, hansısa vətəndaş ayağını yerə dirəyib köçmək istəmir. Evinin kvadratından dəfələrlə çox kvadrata malik yeni ev istəyir və ya evini, mənzilini dəfələrlə baha dəyərləndirir. Mən hər zaman vətəndaşların yanında olmuşam. Amma bir vətəndaşın ucbatından yüzlərlə insana ziyan dəydiyinə görə haqqı deməliyəm. İş adamları da, vətəndaşlar da bezirlər. Nəticədə iş yerləri bağlanır, digər sərmayəçilər qaçır”. 

Deputat çıxış yolu üçün qanuna dəyişiklik təklif edib: 

“Əgər sakinlərin 70 faizi köçürülmə və şərtlərlə razıdırsa, o zaman qalan 30 faizlə bağlı məsələ hüquqi müstəvidə 10 gün müddətində həllini tapmalıdır. Xahiş edirəm, bu məsələ araşdırılsın, dəyişiklikləri parlamentin komitələrində müzakirə edək və plenar iclasa çıxaraq”.