Nazirliklər və bəzi universitetlər rayonlara köçürülməlidir

Fazil Mustafa: "Bakını tıxacdan, gərginlikdən xilas etməliyik"


Milli Məclisin dünən keçirilən iclasında çıxış edən millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa nazirlikləri və bəzi universitetləri rayonlara köçürməyi təklif edib: “Biz hamımız Böyük Qayıdışı gözləyirik, amma cəmiyyətdə bir sual dolanır ki, Gədəbəyə, Lerikə kiçik qayıdış nə vaxt olacaq? Bu gün regionlarda bəzi kəndlər boşalır. Amma biz Qarabağda bir kəndə 20-30 min məcburi köçkünün qaytarılmasından danışırıq.

Rayonları birləşdirməli, idarəetməni sadələşdirməliyik. Bakını tıxacdan, gərginlikdən xilas etməliyik. Bir sıra nazirlikləri rayonlara köçürməliyik. Eyni zamanda bəzi universitetləri də Bakıdan çıxartmalıyıq. Digər tərəfdən, əhalini məhkəmənin elektron olması maraqlandırmır, əhalini maraqlandıran məhkəmənin ədalətli olmasıdır. Həmçinin, sahibkarı qorumaq lazımdır ki, o, investisiya yatıra bilsin. Yoxsa bizim istehlak bazarımız xaricdən asılı olaraq qalacaq”. 

F.Mustafa vurğulayıb ki, "Azəristiliktəchizat" ASC-yə bu ilin büdcəsindən 40 milyon manat subsidiya ayrılması nəzərdə tutulub: 

“Siz yəqin ki, məktəblərdəki görüntüləri izləmisiniz. Məktəblərdə uşaqlar gödəkcədə oturur. Ötən illə müqayisədə bu quruma 15 milyon manat artıq maliyyə ayrılması ilə məsələ yoluna qoyulmur. Bu məsələlərin həllini quruma pul ayırmaqla çözmək mümkün deyil. Əsas problemin həll edilməsidir. "Azəristiliktəchizat" ASC məktəb və bağçalara istilik verməlidir. Bəzilərinə verilməyib, verilənlərdə isə temperatur aşağıdır”.