Əslində bizim heç əyani təhsilimizdə də keyfiyyət yoxdur
Kamran Əsədov: "Ən yaxşı universitetlərimizdə də biz hələ normal distant təhsil sistemi qura bilməmişik. Niyə? Deyilənlərə görə, universitetlərimizin buna maddi imkanı yoxdur, universitetlərimiz pul qazana bilmir"
“Azərbaycanın təhsil sistemi distant təhsildən həm müsbət, həm də mənfi mənada çox şey öyrəndi”. Bunu UNEC İqtisadi Forumunda "Post-pandemiya dövründə elm və təhsil" mövzusunda keçirilən paneldə çıxışı zamanı Təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, pandemiya dövrü təhsil və elm sahəsində hansı boşluqların olduğunu büruzə verib:
"Çünki bu cür böhranlı vəziyyətdə boşluqlar, ciddi çatışmazlıqlar üzə çıxa bilir. Azərbaycanda tədris bu il bir az gec başlasa da, davamlılığı təmin edə bilirik. Bundan sonra da veriləcək qərarda həmin təhlillərin təsiri olacaq. Təhsilin qarşısında xeyli məqsədlər var, bunlar klassik məqsədlərdir - əlçatanlığı, davamlılığı təmin etmək, müxtəlif sosial və iqtisadi vəziyyəti olan insanlara bərabər təhsil imkanının yaradılmasıdır". Nazir bildirib ki, distant təhsil bəzən əlçatanlığı irəli aparan alət olur:
"Distant təhsillə həqiqətən biliklərin bir qismini öyrətmək olur, amma bu, real təhsili tam əvəz edə bilmir. Distant təhsil həm texniki, həm də öyrənmə tərəfi ilə tam öyrənməni təmin edə bilmir.
Bu təhsilin təsirindən danışmaq hələ tezdir, amma məqsəd daha çox insanı ekran qarşısında oturtmaq yox, onların öyrənməsini təmin etməkdir. Keyfiyyətə nəzarət mexanizmləri olmalıdır, bu olmasa, distant təhsil haqqında danışmaq yarımçıqdır.
Post-pandemiya dövründə distant təhsil və ya hibrid təhsili artırmaq təcrübəsi qalmalıdır, amma qətiyyən keyfiyyəti itirməməliyik. Ən vacib məsələlərdən biri ayrı-ayrı sosial-iqtisadi qurumların öyrənmə prosesinin monitorinqidir. İlkin fərziyyə budur ki, pandemiya böyük şəhərlərdə, iqtisadi sosial vəziyyəti yaxşı olan ailələrə daha az, resurslara çıxışı daha az olanlara isə daha çox təsir edir. Pandemiya Bakının mərkəzində yaşayan şagirdlə ucqar kənddə olan şagirdə eyni cür təsir etməyib”.
Keyfiyyətə nəzarət mexanizmi necə olmalı və necə işlədilməlidir? Təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında qeyd etdi ki, keyfiyyət hər hansı məhsulun, xidmətin (prosesin) əvvəlcədən müəyyən edilmiş standartlara, etalonlara uyğunluq dərəcəsidir:
- Bir məqamı qeyd edim ki, distant təhsilin keyfiyyət standartlarını biz hələ müəyyən etməmişik. Əslində bizim heç əyani təhsilimizdə də keyfiyyət yoxdur, indi onlayn təhsilimizdə nə keyfiyyət axtarırıq? Universitetlərdə təhsilin keyfiyyət meyarları "Keyfiyyətin menecmenti sistemi” adlı mexanizm və standartlarla müəyyən edilir. Bu, Boloniya prosesinin ən mühüm tələbidir.
Universitetlərimizin əksəriyyətində formal olaraq belə bir şöbə yaradılsa da, onların fəaliyyəti hələ keyfiyyətə təsir edə bilməyib. Çünki TN Boloniya prosesinə qoşulduğumuz 15 il ərzində bu mexanizmi yarada bilməyb. Hansı universitetimiz "Keyfiyyət üzrə Beynəlxalq Agentliyin” akkreditasiyasından keçib? Deyilənlərə görə, TN-in nəzdində son illər "Təhsildə Keyfiyyət üzrə Agentlik” yaradılıb. Amma hələ ki onun da fəaliyyəti hiss edilmir.
K.Əsədov bildirdi ki, distant təhsilin keyfiyyəti iki parametr üzrə müəyyənləşə bilər: 1) Təlimin elektron idarə edilməsi sisteminin keyfiyyəti (LMS-in keyfiyyəti), 2) məzmunun keyfiyyəti (kontentin keyfiyyəti):
- 1-ci parametr üzrə ölkəmizdə təcrübə yoxdur, bu sahədə hələ 10 il işləməliyik.
Amma 2-ci parametr üzrə təcrübəmiz var. Bu təcrübə isə ondan ibarətdir ki, bizdə təhsilin məzmunu və tədris metodik bazası çox bərbad haldadır.
Maraqlıdır, ali təhsilin məzmunu və müasir tələblərə cavab verən dərsliklərin, elektron dərsliklərin, tədris metodik komplekslərin, ali təhsil üzrə portalların hazırlanması üzrə TN və universitetlər nə iş görüb, bu sahəyə nə qədər vəsait sərf ediblər? Ən yaxşı universitetlərimizdə də biz hələ normal distant təhsil sistemi qura bilməmişik. Niyə? Deyilənlərə görə, universitetlərimizin buna maddi imkanı yoxdur, universitetlərimiz pul qazana bilmir. Bəs niyə xarici universitetlər milyard dollarla pul qazandığı halda bizim universitetlərimiz belə kasıbdır?
Amma ölkənin aparıcı universitetinin sabiq rektorunun yüz milyonlarla dollar dəyərində olan şəxsi biznesi barədə gözqamaşdırıcı sensasion məlumatlar verilir…