Şuşada, regionda ən böyük məscid tikilir

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Şəhərin yuxarı hissəsində yerləşəcək məscid bütün Şuşaya hakim olacaq

Prezidentin, Mehriban xanımın davranışları nəinki müsəlman əhalisi, kimliyindən, hansı dinə mənsubluğundan asılı olmayaraq hər bir insan üçün nümunədir

Tarixi-dini abidələrimizin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və yenidən qurulması, yeni ibadət evlərinin inşası Azərbaycan dövlətinin həyata keçirdiyi tolerant siyasətin tərkib hissəsidir

Azərbaycan tolerant, bütün dinlərə hörmətlə yanaşılan ölkə olduğunu dünyaya sübut edib artıq. Bunu ölkəmizdə kilsə və sinaqoqların, məbədlərin məscidlərlə yanaşı açıq, heç bir ayrı-seçkiliyə məruz qalmadan sərbəst fəaliyyət göstərməsi təsdiq edir. Hər il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədə fəaliyyət göstərən dini icmalar, dini ibadət yerləri barədə məlumat açıqlayır. Məlum olur ki, məscidlərlə yanaşı, paytaxtda, eləcə də regionlarda 14 kilsə, 7 sinaqoq fəaliyyətdədir. DQİDK-nin sədri Mübariz Qurbanlı “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi: 20 illik zaman kəsiyində” məruzəsində də bu məsələyə toxunmuşdu və qeyd etmişdi ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) bu günədək 970 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 933-ü islam, 37-si isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.

 Baxmayaraq ki, Azərbaycan müsəlman ölkəsidir və əhalinin 90 faizi islam dininin daşıyıcılarıdır, digər dinlərin mənsubları, Azərbaycan vətəndaşı olan etnik qrupların nümayəndələri ibadətlərini istədikləri şəkildə icra edə bilir. Azərbaycan dövləti bütün millətlərə, etnik qruplara bu imkanı yaradıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva regionlara səfərləri zamanı kilsələri, məbədləri ziyarət edir, kilsə xadimləri ilə görüşür və problemləri dinləyir, çətinliklərin aradan qaldırılmasına göstəriş verirlər. Ölkədə fəaliyyət göstərən kilsə, məbəd və sunaqoqlar dövlət vəsaiti, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə təmir edilir, abadlaşdırılır. Bu günlərdə isə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binasında yaradılan şəraitlə tanış oldular. 

Qeyd edək ki, bu məscid bir neçə ildir təmir  edilirdi, hətta bir müddət təmir işləri yarımçıq da saxlanmışdı. İndi isə məscid tamamilə yenilənib. Məscid əvvəllər qəzalı vəziyyətdə olan ikimərtəbəli binada yerləşirdi və burada dindarların ibadəti üçün heç bir şərait yox idi. Məsciddə eyni vaxtda maksimum 500-550 nəfər ibadət edə bilirdi. İbadət edənlərin sayı çox olduğundan, məscidə üz tutanlar məcbur qalıb açıq havada ibadət edirdilər. Odur ki, qəsəbədə daha müasir və geniş məscid kompleksinin tikintisinə ehtiyac yaranmışdı. Məhz Prezident İlham Əliyevin tapşırığına əsasən, məscid kompleksi üçün müasir konsepsiya hazırlandı və yeni bina inşa olundu.

Məscidi ziyarət edən Prezidentə və Mehriban xanıma məlumat verildi ki, bundan sonra məsciddə, eyni zamanda, 1800 nəfərin ibadət etməsi mümkün olacaq. Yeni məscid kompleksində kişilərin və qadınların ibadəti üçün bütün zəruri şərait yaradılıb. Kompleksin inşası zamanı Abşeron məscidlərinin memarlıq üslubuna uyğun elementlərdən istifadə olunub. Buraya ağac materialından hazırlanmış şəbəkələr də daxildir. Məscid kompleksinin diametri 4 metr və hündürlüyü 42 metr olan iki minarə və hündürlüyü 25 metr olan günbəz bəzəyir. Kompleksə dindarların dəstəmaz alması, dini ayinlərin keçirilməsi üçün xüsusi binalar da daxildir. Məsciddə mərkəzləşdirilmiş havalandırma sistemi yaradılıb, ətraf ərazi yaşıllaşdırılıb. Yeni Günəşli qəsəbəsində “Xanım Fatimeyi Zəhra” məscidinin müasir kompleksinin istifadəyə verilməsi bir daha sübut edir ki, islam mədəniyyəti ilə bağlı tarixi-memarlıq abidələrinin, müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpası ölkəmizdə dövlət siyasətinin vacib tərkib hissələrindəndir. 

Cənab Prezident və Mehriban xanımın yeni inşa edilmiş “Xanım Fatimeyi-Zəhra” məscidini ziyarət etməsini yüksək dəyərləndirən “Mənəvi İrsin Təbliği” İctimai Birliyinin sədri Sevinc Əzimbəyli qeyd etdi ki, bu ziyarət ölkədə islam dini və islam mədəniyyətinin təəssübkeşinin Azərbaycan dövləti olduğunu sübut edir: 

- Biz bunu cənab Prezidentin timsalında görürük. Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın timsalında görürük. Cənab Prezident də, Mehriban xanım da səfər etdikləri yerlərdə mütləq dini ocaqları ziyarət edirlər. İndiyədək Prezident Şuşaya neçə dəfə səfər edibsə, həmişə də məscidə gedib, həm də dini qaydalara, islam əxlaqına riayət edərək. Prezidentin, Mehriban xanımın bu davranışları nəinki müsəlman əhalisi, kimliyindən, hansı dinə mənsubluğundan asılı olmayaraq hər bir insan üçün nümunədir. Prezident bununla dini dəyərlərə verdiyi yüksək qiyməti, həssaslığı nümayiş etdirir. Örnək sərgiləyir. Eyni həssaslığı biz kilsələrə, qeyri-islam ibadət yerlərinə münasibətdə də görürük. Bütün bunlar Azərbaycan dövlətinin Prezident və birinci xanımın timsalında dini dəyərlərin hamisi, qayğıkeşi olduğunu göstərir. 

S.Əzimbəyli xatırlatdı ki, işğaldan azad edilmiş ərazilərimizdə də Azərbaycan dövləti islam tarixi-memarlıq abidələri ilə yanaşı, məbədlərin, kilsələrin bərpasını da həyata keçirir:      
  
- Bilirsiniz ki, ötən ilin may ayında Şuşada Prezident tərəfindən yeni məscid kompleksinin təməli qoyuldu. Bu məscid regionda ən böyük, ən hündür məscid olacaq. Məscid, layihədə əks olunduğu kimi, Şuşanın noyabrın - 11-ci ayın 8-də azad edilməsini və Zəfər Gününü simvolizə edir. Şəhərin yuxarı hissəsində yerləşəcək məscid bütün Şuşaya hakim olacaq. Şuşada vaxtilə işğalçıların dağıtdığı Yuxarı Gövhər Ağa və Aşağı Gövhər Ağa məscidləri, o cümlədən qədim Qazançı kilsəsi də bərpa ediləcək. Tarixi-dini abidələrimizin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və yenidən qurulması, yeni ibadət evlərinin inşası Azərbaycan dövlətinin həyata keçirdiyi tolerant siyasətin tərkib hissəsidir.