Hüquqşünas hadisəyə fərqli münasibət sərgilədi

Qadının çörək sexində faciəvi ölümü ictimai əhəmiyyət daşıyan məsələdir

Ələsgər Məmmədli: "Hadisə ictimai rezonans doğurub deyə, onun yayılması və media tərəfindən işıqlandırılmasında hüquqi pozuntu yoxdur"

   Çörək zavodunda işçi qadının faciəli ölümünü əks etdirən kadrlar bu günlərdə ən çox izlənən videodur. Hətta ictimai nəqliyyatda da sərnişinlər bundan danışır və bir-birinə “videonu görmüsən? Dəhşətdi…” deyib smartfonu “işə salırlar” – yəni görməmisənsə, bax. İnsanların bu faciə “həvəsi”nə heyrətlənməmək olmur. Deyəsən, insanlarımız şoudan bezib qandondurucu kadr “həvəskarları”na çevrilirlər getdikcə

Birincisi, bu kadrların Tik-Tok, feysbuk kimi sosial şəbəkələrdə yayılmasının özü dəhşətdir. Bir insanın dəhşətli faciəsi əyləncəyə necə çevrilir? İkincisi, faciəli şəkildə vəfat etmiş insanın ailəsini, doğmalarını düşünəndə normal insanın qanı donur. Amma videonu maraq xatirinə, “mən də bunu gördüm”, “qonşudan dala qalma” prinsipi ilə izləyənlər bunu necə bacarır? Bir neçə gündür ki, sosial şəbəkələrin müzakirə mövzusu həm də budur; bu cür kadrlar yayılmalıdırmı? Vəfat etmiş şəxsin görüntülərini paylaşmaq nə dərəcədə etikdir və humanistliyə uyğundurmu? Vəfat etmiş şəxsin ailəsi, doğmalarının hissləri ilə oynamaq insanlığa sığmayan hərəkətdir.   

Xatırladaq ki, hadisə yanvarın 7-si saat 16 radələrində paytaxtın Nərimanov rayonu, İ.Abışov küçəsində yerləşən “İsrafiloğlu” MMC-yə məxsus çörək zavodunda baş verib. Hadisə barədə  Nərimanov Rayon Prokurorluğu məluat yayıb. Bildirilir ki,  çörək zavodunda fəhlə işləyən 1971-ci il təvəllüdlü Mətanət Həsənovanın iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla müəyyən edilib ki, Mətanət Həsənova zavodun istehsalat sexində xəmir qarışdıran qurğunun alt hissəsini təmizləyərkən həmin qurğunun digər işçi tərəfindən ehtiyatsızlıqdan işə salınması nəticəsində qolu qarışdırıcının arasında qalıb və almış olduğu xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Bəs bu görüntülər sosial şəbəkəyə haradan sızıb? Şübhəsiz, sexdə müşahidə kameraları var. Ola bilsin, məhz müşahidə kameralarındakı görüntü kimlərsə tərəfindən sosial şəbəkəyə ötürülüb. Yaxud da sexdə çalışanlar tərəfindən. Bütün hallarda bu kadrların yayılması acı təəssüf doğurur. Vəfat etmiş insanın ailəsi, doğmaları məlum kadrların yayılmasına görə məhkəmə iddiası qaldıra bilərmi?

Hüquqşünas Ələsgər Məmmədli “Şərq”ə açıqlamasında qeyd etdi ki, görüntülər, ola bilsin, hüquq-mühafizə orqanları, ya da zavod rəhbərliyi tərəfindən yayılıb: 

- Bu artıq ictimai əhəmiyyət daşıyan məsələdir. Prokurorluqda istintaq başlayıbsa, bəlkə də kadrlar hüquq-mühafizə orqanları tərəfindən yayılıb. Yaxud da ictimaiyyətdən gələn reaksiyalar, eləcə də şəxsin ölümündə təqsirkar hesab edildiyi üçün zavod rəhbərliyi, sex işçiləri tərəfindən yayıla bilər ki, hadisənin bilərəkdən, yaxud qəsd niyyətilə deyil, sırf ehtiyatsızlıqdan baş verdiyini görüntülərlə təsdiq etsinlər. Yəni bu kadrların yayılması hüquqi bəraət üçün lazım ola bilər. Əlbəttə, bu hadisə və o kadrların yayılması vəfat etmiş şəxsin ailəsi üçün gərgin psixoloji durum keçirməsinə səbəb ola bilər. Təbii ki, ailə, doğmalar üçün bu, dəhşətdir. Amma hadisə ictimai rezonans doğurub deyə, onun yayılması və media tərəfindən də işıqlandırılmasında hüquqi pozuntu yoxdur.  Sadəcə, qan görüntülərinin yayılması doğru deyil. Nəzərə alsaq ki, bu kadrları azyaşlılar da izləyə bilər, bu cür görüntülərin geniş yayılması məsləhət deyil.