Yaşayış binalarının yeni tikinti qaydaları hazırlanır

Ramil Osmanlı: "Paytaxtın görünüşünü qorumaq üçün müəyyən addımlar atılmalıydı. Yeni normaların tətbiqi həm də buna hesablanıb"

Yaşayış binaları ilə bağlı daha bir qaydanın tətbiqi nəzərdə tutulur. Trend-in məlumatına görə, "Yaşayış binaları. Layihələndirmə normaları"nda əksini tapan növbəti yenilik yaşayış binalarında gözətçi otaqları ilə bağlıdır. Qeyd edilir ki, kriminal hadisələr riskinin və onların nəticələrinin azaldılmasına yönəldilmiş tədbirlərə istismar mərhələsində əlavələr edilməlidir. Yeni normalara əsasən, binanın gözətçi otağı (layihə tapşırığında nəzərdə tutulduğu halda) elə yerləşdirilməlidir ki, oradan vestibülün giriş qapısına, vestibül olmadıqda, liftə və pilləkənə aparan keçidə vizual baxış təmin olunsun. Gözətçi otağının yanında sanitar qovşağı nəzərdə tutulmalıdır. 

Mülki müdafiə qurğularının yerləşdirilməsi sxemi üzrə müəyyənləşdirilmiş bir sıra binalarda layihə tapşırığına uyğun olaraq ikili funksional təyinatı olan sahələr layihələndirilməlidir. Qeyd edək ki, yaşayış binalarının layihələndirilməsiylə bağlı bundan əvvəl də bir sıra normalar açıqlanmışdı. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda yaşayış binalarının damında radiorele dirəklərinin və qüllələrinin necə quraşdırılması, yaşayış binalarında balkonların, lociyaların layihələndirilməsi, mənzillərin mümkün sahəsi, sayı ilə bağlı da yeni tələblər qoyulur. Tikinti şirkəti sahibləri üçün ürəkaçan görünməyən qaydalar, mənzilə tələbatı olan ailələrin də arzusunun reallaşmasına mane ola bilər. Çünki yeni qaydaların tikinti və mənzil bazarında qiymət artımına səbəb olacağı ehtimalı artır. 

“Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı “Şərq”ə açıqlamasında yeni qaydaların bir tərəfdən, vətəndaşların xeyrinə olduğunu dedi: 

- Tutalım,  yaşayış binasının, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müəyyən qaydalar çərçivəsində gözətçi otağının olması tələbi müsbət haldır. Belə deyək, köhnə binalarla bunu etmək mümkün deyil. Dövlət balansında olan binalar var, hansı ki, ötən əsrdə tikilib, istismara verilib. Ötən əsrdə kooperativ binalar da tikilirdi. Onlarda da mühafizəçi, gözətçi otağı nəzərdə tutulmurdu. Lakin müasir dövrün tələbləri fərqlidir. Məsələn, indi hətta ötən əsrdə tikilmiş çoxmənzilli yaşayış binalarına giriş kodlaşdırılır və bu kodu yalnız bina sakinləri, konkret blokda mənzilə sahib şəxslər bilir. Yaxud, eyvanlar, lociyalarla bağlı tələblər əslində normaldır və yenə də sakinlərin, həm də ətraf ərazidə yaşayanların rahatlığı nəzərə alınır. Təəssüf doğuran yalnız budur ki, bu qaydalar çox gec tətbiq edilməyə başlandı. Paytaxtda xaotik tikintilər ötən əsrin sonlarından başladı, son illər də daxil olmaqla davam etdi. Paytaxtda yaşayış binaları, ofis binaları, şadlıq sarayları, marketlər, ümumiyyətlə, bütün tikililər o qədər sıx inşa edilib ki, ayaq basmağa yer qalmayıb. Bunun ən böyük problemi də yollardakı tıxaclar, şəhərdə hərəkətin faktiki iflas duruma düşməsidir.  Amma gec də olsa, tikinti qaydalarına müsbət dəyişiklik edilirsə, bu, alqışlanmalıdır. Ümid edək ki, heç olmasa, bundan sonra tikintilər norma daxilində inşa edilər. Son illərədək fikir verirdinizsə, şəhər daralırdı, genişlənmirdi. İndi isə artıq hiss olunur ki, şəhər kənarlara doğru genişlənir. Tikintilər şəhərkənarı qəsəbələrə istiqamətlənib. Sumqayıt, Xırdalan, Masazır, Sulutəpə, Müşfiqabad.... Bunun əsas səbəbi də cənab Prezidentin Eldar Əzizovu Bakı şəhər icra hakimiyyətinin başçısı təyin edərkən qarşıya qoyduğu vəzifələrdir.  Yadınızdadırsa, cənab Prezident tikinti əmsalları, ərazi sıxlığı ilə bağlı göstərişlər verdi.  Bildirdi ki, tikinti sahəsinin neçə faizi tikili ilə örtülə bilər. İnşaat sahəsinin maksimum 60 faizində tikinti aparıla bilər. Amma əvvəlcə necəydi, sahibkar 20 sot torpaq sahəsi alırdı, sərəncamla tikintiyə icazə alıb bütün sahəni tikinti altına alırdı. Yeni qaydalarla isə torpaq sahəsi mütləq mülkiyyətdə olmalıdır. 1 hektar sahədə aparılacaq tikinti 2,8 əmsalından yuxarı ola bilməz. 1 hektar ərazi üçün tikinti sahəsi 28 min kvadrat metrdir. Əlbəttə, bu qaydalar bir tərəfdən tikinti xərclərini artırır. Xüsusən mərkəzi hissələrdə tikilən binada 1 kv.metrin qiyməti 400-500 manatdan yuxarı çıxır.   Bu da mənzil bazarında qiymətlərin yüksəlməsi deməkdir. Amma istənilən halda qazanan paytaxtımız olacaq. Paytaxtın görünüşünü qorumaq üçün müəyyən addımlar atılmalıydı. Yeni normaların tətbiqi həm də buna hesablanıb.