Bitişik və ölən əkizinin xəyalını gerçəkləşdirdi

Həyatda qalan bacı indi 1 milyon təqibçi ilə Tik-Tok fenomenidir

   Statistikaya  əsasən siam əkizləri 40 min doğumda-bir dünyaya gəlir. Və 200 min siam əkizindən yalnız 1-i həyatda qalır. Tibdə müxtəlif orqanları bir-birinə bitişik halda dünyaya gələn körpələrə siam əkizləri deyilir və onların həyatda qalması möcüzə sayılır. Adətən siam əkizlərini bir-birindən ayırmaq üçün xüsusi cərrahi əməliyyatlar gerçəkləşdirlir. Bir müddət yaşayan əkizlər, müəyyən zaman keçdikdən sonra vəfat edirlər. Bəzən hər ikisi, bəzən də əkizlərdən biri. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, ağır həyat şərtləri altında yaşayan siam əkizlərindən biri  22 il əvvəl dünyaya gəlmiş Qabriele və Mikela adlı qızlardır. 

Doğulduqdan 8 ay sonra əməliyyat olunaraq bir-birilərindən ayrılıblar. 13 yaşınadək hər şey normal olub. Bacılar həyatlarına davam edib, bir-birilərini çox seviblər. 2011-ci ildə Mikele xəstələnib. Buna səbəb qızın mədəsinin infeksiyaya yoluxması olub. Həkimlər nə qədər cəhd etsə də, Mikele sağalmayıb və qısa müddət sonra vəfat edib. Əkiz tayının ölümü Qabrielə ağır təsir edib. Gənc qız özünü sanki bacısından yenicə ayrılmış, bir hissəsi yoxmuş kimi hiss etməyə başlayıb. 22 yaşlı Qabriele tək qalıb. Uzun müddət bu itkiylə barışa bilməyib. Qabriele daxilindəki kədəri, üzüntünü bu günlərdə Tik-Tok üzərindən paylaşıb. Dəstək olanların sayı artdıqca gənc qız daha da ürəklənib. Və həyatı, bacısı haqqında daha bir neçə video hazırlayaraq sosial şəbəkədə yayıb. Qabrielenin izləyici sayı hazırda 1 milyonu ötür. Siam əkizi qız Tik-Tok “ulduzu”na dönüb.

 Qabriele deyir ki, videoları yaymaqda məqsədi ağır həyatını anlatmaq, bacısının xatirəsini yaşatmaqdır: “Mikelenin ən böyük arzusu məşhur olmaq idi. Mən onun arzusunu gerçəkləşdirirəm”. 

 Qabriele insanlardan bu qədər böyük dəstək görəcəyinin gözlənilməz olduğunu da deyib: “Gözləməzdim ki, insanlar bu qədər maraq göstərəcək, mənə dəstək olacaqlar. Çox xoşbəxtəm”. Qabriele bir ayağını itirib, protez geyinir. Buna rəğmən özünü xoşbəxt sayır, qarşıda onu gözəl günlər gözlədiyinə inanır.