“Ruhəngiz xanım qəfil dünyasını dəyişdi”.
Bunu Oxu.Az-a açıqlamasında mərhum bəstəkar Ruhəngiz Qasımovanın ailə sürücüsü Taleh Hüseynov deyib.
O, mərhum bəstəkarı iyulun 12-də qızının yanına yola saldığını deyib:
“Onu özüm yola saldım. Qocalıqdan dünyasını dəyişdi. Düzdür, bir neçə dəfə əməliyyat olunub. Burada yoldaşından sonra tək yaşayırdı. Oğlu da xaricə yaşayırdı. Hazırda oğlu Bakıdadır”.
Ailə sürücüsü mərhum bəstəkarın vəsiyyətindən söz açdı:
“7 ildir onun yanındayam. Çox pozitiv insan idi. Ancaq zarafatlaşırdıq. O mənə demişdi ki, mənə bir şey olsa, anamın yanında dəfn edin. Bu, onun vəsiyyəti idi. Övladları da bundan xəbərdardırlar”.
Onun sözlərinə görə, cənazəsinin nə vaxt Bakıya gətiriləcəyi məlum deyil:
“Cənazəsinin nə vaxt gətiriləcəyi yəqin ki axşam bəlli olacaq. Bununla bağlı məlumat verərlər. Honkonqda karantin rejimi olduğu üçün bir qədər çətindir. Ruhəngiz xanım sentyabrın 26-da Bakıya qayıdacaqdı. Lakin qızı zəng edib onu xəstəxanaya yerləşdirdiyini dedi”.